Polşada balıq ovuna çıxan qadının tutduğu nəhəng yayın balığı görənləri heyrətləndirib. Balığın uzunluğu 2 metrdən çox olub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Polşanın Visla çayında baş verib. Təcrübəli balıqçı Beata Vojevoda sentyabr ayında 234 santimetr uzunluğunda yayın balığı tutub.

Vojevoda nəhəng balığın görüntülərini sosial media hesabında paylaşaraq bunun şəxsi rekordu olduğunu bildirib. O, ov zamanı bölgəni və çayın xüsusiyyətlərini yaxşı bilən təcrübəli balıqçı ilə birlikdə hərəkət etdiyini qeyd edib.

Balığın nəhəng ölçüləri yayımlanan fotolarda da aydın şəkildə görünüb. Mütəxəssislərin fikrincə, belə böyük yayın balığının tutulmasında uyğun ərazinin seçilməsi, çayın xüsusiyyətlərinin yaxşı bilinməsi və balıqçının təcrübəsi mühüm rol oynayır.

Visla çayı iri yırtıcı balıq növləri ilə tanınsa da, uzunluğu 2 metrdən çox olan yayın balıqlarına nadir hallarda rast gəlinir.