“Yuventus”un sabiq futbolçusu Miralem Pyaniç komanda yoldaşı olduğu Kriştiano Ronaldo ilə bağlı illər sonra maraqlı etiraf edib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bosniyalı futbolçu Turin klubunda çıxış etdiyi dövrdə Ronaldonun cərimə zərbələrini yerinə yetirməsinə mane olmağın çətin olduğunu bildirib. Pyaniçin sözlərinə görə, portuqaliyalı ulduz cərimə zərbəsi qazanılan kimi topu heç kimə vermək istəmirmiş.
Pyaniç “Napoli” ilə oyunda baş verən hadisəni xatırladıb. Onun sözlərinə görə, həmin qarşılaşmada Ronaldo cərimə zərbəsi qazandıqdan sonra baş məşqçi Massimiliano Alleqri gözlənilməz addım atıb.
Alleqri Ronaldonun yerdə dizini tutduğunu görüb və dərhal həkimləri meydana göndərib. Ronaldo müalicə üçün meydanı tərk etdikdən sonra cərimə zərbəsini Pyaniç yerinə yetirib və topu tora göndərib.
“Topu ondan almağın yeganə yolu bu idi. Buna görə də Alleqriyə təşəkkür edirəm”, - deyə Pyaniç bildirib.
Pyaniçin sözlərinə görə, Ronaldonun komandaya gəlişindən sonra cərimə zərbələrini yerinə yetirmək onun üçün ciddi problemə çevrilib. O bildirib ki, əvvəllər bu məsələ əsasən özü ilə Paulo Dibala arasında həll olunurdu, lakin Ronaldo gələndən sonra vəziyyət dəyişib.
Maraqlıdır ki, statistikaya görə, Ronaldo “Yuventus” forması ilə İtaliya çempionatında 98 cərimə zərbəsi yerinə yetirib və bunlardan yalnız birini qola çevirib.