Rusiyada hakim “Vahid Rusiya” partiyasından olan deputatlara Ukrayna müharibəsinin başa çatması ehtimalına hazırlaşmaq tapşırığı verilib.
Metbuat.az xəbər verir ki, noyabrın 13-14-də Moskva yaxınlığında keçirilən toplantıda deputatlardan müharibədən sonra elan ediləcək “qələbə”yə və hərbçilərin kütləvi şəkildə geri qayıtmasına hazırlıq görmək istənilib. “Vedomosti” qəzetinin məlumatına görə, görüşdə Rusiya Prezidenti Vladimir Putinin daxili siyasət üzrə köməkçisi Sergey Kiriyenko da iştirak edib. Məlumata görə, deputatlardan cəbhədən qayıdacaq hərbçilərlə yaxından maraqlanmaları və xüsusilə müharibə veteranları ilə əlaqələri gücləndirmələri tələb olunub. Kreml rəsmilərinin müharibədən sonrakı dövr üçün ictimaiyyətə təqdim ediləcək “qələbə obrazı” üzərində də çalışdığı bildirilir. Bu çərçivədə veteranların reabilitasiyası və işlə təmin olunması məsələlərinin prioritet sayıldığı qeyd edilir.
Bildirilir ki, yeni göstərişlər noyabrın 10-11-də Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında keçirilən danışıqlardan sonra verilib. Lakin həmin görüşlərdə müharibənin başa çatması ilə bağlı razılaşma əldə olunmayıb.