Türkiyənin Eskişehir vilayətində yetişdirilən iki dana çəkiləri ilə hər kəsi heyrətləndirib. "Ateş" və "Paşa" adlı heyvanların çəkisi 1 tondan xeyli çoxdur.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sivrihisarın Koçaş kəndində heyvandarlıqla məşğul olan Onur Ünalan və ailəsinin yetişdirdiyi danalardan "Ateş"in çəkisi 1 750, "Paşa"nın çəkisi isə 1 450 kiloqrama çatıb.

Bildirilib ki, heyvanlar keyfiyyətli yem və yonca ilə bəslənir. Onların gündəlik qida tələbatı da olduqca yüksəkdir. Hər iki dana gün ərzində təxminən 20-30 kiloqram yem qəbul edir.

Onur Ünalanın sözlərinə görə, "Ateş" iki ay əvvəl alındığı zaman 1 650 kiloqram çəkidə olub. Hazırda onun çəkisi 1 750 kiloqrama çatıb.

"Paşa"nın isə çəkisi 1 450 kiloqramdır. Ünalan ailəsi heyvanların sağlamlığına xüsusi diqqət yetirdiklərini qeyd edib.

"Ateş"in təxminən 400 min, "Paşa"nın isə 350 min türk lirəsi dəyərində olduğu bildirilir.

Qeyri-adi çəkiləri ilə diqqət çəkən iki dananın sahibləri onların göstəricilərini Guinness Rekordlar Kitabına təqdim etməyə hazırlaşırlar.