Azərbaycan prezidenti İlham Əliyevin Nüvə Təhlükəsizliyi Sammitində iştirakı ikitərəfli münasibətlərin inkişafı baxımından böyük önəm kəsb edir.
Bunu Milli.Az-a "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Azərbaycan prezidenti İlham Əliyevin ABŞ prezidenti Barak Obamanın dəvəti ilə martın 31-də Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı barədə fikirlərini açıqlayarkən deyib.

Mərkəzin rəhbərinin sözlərinə görə, Nüvə Təhlükəsizliyi Sammiti ABŞ prezidenti olduqdan sonra qlobal təhlükəsizlik proqramları strategiyası çərçivəsində Barak Obamanın təşəbbüsü əsasında keçirilən bir tədbirdir və bu sammit hər dəfə müxtəlif səbəblərdən təşkil olunur: "İlk sammit Nyu-Yorkda baş tutmuşdu, indi isə Vaşinqtonda keçirilir. Bu sammit bütövləşən, sürətlə dəyişən dünyada nüvə təhlükəsinin aradan qaldırılması, ümumiyyətlə, nüvə texnologiyaları, nüvə enerjisi ilə bağlı səylərin birləşdirilməsi və bu kimi məqsədlərə xidmət edir. Azərbaycanın da bu sammitə qatılması normal haldır. Yəni istənilən dövlət müasir dünyada bu və digər şəkildə nüvə təhlükəsizliyi, nüvə texnologiyaları və nüvə enerjisi məsələləri ilə əlaqəlidir, bağlıdır".
Politoloqun fikrincə, Azərbaycanın dövlət başçısının budəfəki tədbirdə iştirakı ikitərəfli münasibətlər üçün daha böyük önəm kəsb edir: "Çünki bilirik ki, bir müddət Azərbaycan-ABŞ münasibətlərində müəyyən soyuqluq, hətta gərginlik də yaşandı. Lakin son 1-2 ayda bu kursda dəyişiklik hiss olunur və tərəfdaşlığa, əməkdaşlığa qarşılıqlı marağın artması müşahidə edilir. Son həftələrdə isə bu özünü daha ciddi və qabarıq şəkildə büruzə verir. Əməkdaşlığın belə inkişafı Azərbaycanın həm qlobal dünyaya inteqrasiyası, həm sosial-iqtisadi çətinliklər dönəmində müasir iqtisadiyyat modelinə keçməsi və bu keçiddə maliyyə və digər dəstəkləri almaq, eləcə də təhlükəsizlik baxımından son dərəcədə önəmlidir. Nəhayət, Azərbaycan-ABŞ münasibətlərindəki ikitərəfli müsbət dinamika Azərbaycanın ərazi bütövlüyü üçün son dərəcədə vacibdir və biz burada da yeni tendensiyalar görməyə başlamışıq. Məsələn, son bir neçə ayı götürsək, görərik ki, ABŞ rəsmiləri tərəfindən - istər ABŞ-ın Bakıdakı səfiri, istərsə də ATƏT-in Minsk qrupundakı həmsədri olsun, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı xeyrimizə kifayət qədər dəqiq bəyanatlar verildi, eyni zamanda, ABŞ Konqresi bu ildən etibarən Dağlıq Qarabağdakı tanınmamış separatçı rejimə maliyyə dəstəyini dayandırdı. Fikrimcə, bütün bunlar kifayət qədər müsbət tendensiyalardır".
Ə.Oruclu qeyd edib ki, bölgədə yaranmış indiki mürəkkəb geosiyasi vəziyyətdə Azərbaycana güclü müttəfiq, iqtisadi, siyasi tərəfdaş lazımdır və bu, idealda ABŞ-dır: "Hər halda ABŞ-ın da Qərbin bir hissəsi olduğunu nəzərə alsaq, burada Avropanın da onun tərəfdaşı olduğunu unutmaq olmaz. Eynilə, Avropa-Azərbaycan münasibətlərində də qeyd edilən müsbət tendensiya və dinamika müşahidə olunur. Avropada Azərbaycana marağın artması görünür. Bu da təsadüfi deyil. Burada bildirildiyi kimi enerji məsələləri heç də vacib deyil. Burada əsas amil qlobal iqtisadiyyat üçün önəm kəsb edən Şərq-Qərb nəqliyyat-kommuniyasiya dəhlizinin Azərbaycandan da keçməsidir. Azərbaycan bu dəhlizdə bir açar rolunu oynayır. Çünki Şimal-Cənub dəhlizinin də Azərbaycandan keçməsi ilə bağlı maraqlar burada kəsişir. Bu baxımdan ölkəmiz mühüm coğrafi bölgədə yerləşdiyindən böyük əhəmiyyət kəsb edir. Biz də bundan düzgün yararlanmalıyıq".
İlkin İzzət
Milli.Az