A+
A

Stokholm, 31 mart, AZƏRTAC
Suriyaya getmək istəyən 4 nəfər İsveç vətəndaşı Türkiyədə saxlanılıb. Onlar İŞİD terror təşkilatına qoşulmaq cəhdində şübhə doğururlar.
İsveç KİV-lərində Krallığın Xarici İşlər Nazirliyinə istinadla yayılmış məlumata görə, bu şəxslər hələ mart ayının əvvəlində saxlanılıb. Saxlanılanların adları və onlar barəsində ətraflı məlumat bildirilmir, lakin məlum olan budur ki, saxlanılanlardan üçü İsveç vətəndaşıdır, dördüncünün isə İsveçdə yaşamaq hüququ verən sənədi var.
İsveç KİV-ləri bildirirlər ki, saxlanılan şəxslər “İslam dövləti” terror qrupuna qoşulmaq üçün Suriyaya gedirdilər. İsveç XİN nümayəndəsi Katarina Birenius Roslund jurnalistlərə müsahibəsində bildirib ki, saxlanılmış şəxslər İsveçin qərb və mərkəz regionlarında yaşayırdı.
Onu da qeyd edək ki, İsveç təhlükəsizlik polisinin (SAPO) məlumatına görə, son illərdə 300-ə yaxın İsveç vətəndaşı Suriyaya və İraqa gedərək orada terrorçu qruplara qoşulub. Onlardan 135-i İsveçə qayıdıb, 44 nəfəri isə həlak olmuş hesab edilir.
İsveç parlamenti ölkə vətəndaşlarının terror təşkilatlarına qoşulması hallarının artmasına qarşı mübarizənin sərtləşdirilməsi barədə qanun layihəsi qəbul edib. Aprelin 1-dən etibarən İsveçdə qüvvəyə minəcək yeni qanuna görə, terror cinayətlərinin törədilməsi, hazırlanması və ya terror aktları törətməyi öyrənmək məqsədilə səfərlər qadağan olunacaq.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
AZERTAG.AZ :İŞİD sıralarına qoşulmaq istəyən isveçlilər Türkiyədə saxlanılıb