A+
A

Moskva, 18 aprel, AZƏRTAC
Rusiyanın NTV kanalında “Qorxma mən səninləyəm! 1919” flmi nümayiş etdirilib.
Filmin rejissoru Yuli Qusman “Moskva-Baku” portalına müsahibəsində qeyd edib ki, ekran əsərini NTV-də nümayiş etdirmək barədə kanalın prodüseri, “Bakılı oğlanlar” komandasının keçmiş üzvü Timur Vaynşteynin təklifi həm də Dağlıq Qarabağda son günlər baş verən hadisələrlə bağlıdır. Tanınmış rejissor deyib: “Bu film Dağlıq Qarabağ ətrafında gərginliyin artdığı bir dövrdə mənim Vətənim Azərbaycana həsr etdiyim sevgi himnidir. Doğulub boya-başa çatdığım, valideynlərimin yaşadığı bir ölkəni – Azərbaycanı sevməmək mümkün deyil”.
Yuli Qusman bildirib ki, film həm də Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin təcəssümüdür. “Tarixdə ilk dəfə fövqəladə və səlahiyyətli səfir iki ölkənin istehsalı olan filmdə baş rolu oynayır. Zənnimcə, bu fakt Azərbaycan ilə Rusiya arasında çox gözəl münasibətlərin sübutudur”, - deyə o əlavə edib.
Rejissor Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunaraq qeyd edib ki, Azərbaycan torpaqları azad edilməyincə, bu münaqişə həll olunmayacaq. O deyib: “Son nəticədə münaqişə danışıqlar nəticəsində sülh yolu ilə həll oluna bilər. Ümumiyyətlə, XXI əsrdə torpaqların işğal olunması qəribə görünür. Azərbaycan Ordusunun gücü, Azərbaycanın maliyyə və sənaye imkanları öz torpaqlarını müdafiə etmək üçün yetərlidir. Müdrik rəhbərimiz və müəllimimiz Heydər Əliyevin və onun davamçısı Prezident İlham Əliyevin siyasəti göstərir ki, Azərbaycan sülh tərəfdarıdır, əsgərlərinin həyatını qiymətləndirir, dünyada sülhün, respublikada sabitliyin qorunmasını istəyir və torpaqlarını dinc yolla geri qaytarmaq üçün əlindən gələni edir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
AZERTAG.AZ :Rusiyanın NTV kanalı “Qorxma mən səninləyəm! 1919” filmini nümayiş etdirib