A–
Tokio, 20 aprel, AZƏRTAC
Yeraltı təkanların hələ də davam etməsinə baxmayaraq, xilasedicilər Yaponiyanın cənub-qərbində, Kumamto prefekturasının dağlıq ərazisində yerləşən kəndlərdən birində axtarış-xilasetmə işlərini davam etdirirlər.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, bir neçə gündür davam edən zəlzələlər nəticəsində prefekturada həlak olanların sayı 48 nəfərə çatıb. Xilasedicilər dağıntılar arasında yerləşdikləri ərazinin məlum olmadığı daha üç sakinin axtarışlarını davam etdirirlər. Hakimiyyət orqanlarının bildirdiyinə görə, minlərlə yaralı xəstəxanalara yerləşdirlib.
İnsanların əksəriyyəti evlərini tərk ediblər. Yüz mindən çox insan müvəqqəti sığınacaqlara yerləşib, bir neçə min nəfərin isə öz avtomobillərində yaşadığı bildirilir.
Hadisənin baş verdiyi ərazilərdə bəzi xidmətlər artıq öz fəaliyyətlərini bərpa edib. Aprelin 20-də sürətli “Şinkansen” qatarlarının hərəkəti də qismən bərpa olunub. Bir çox rayonlarda əhali hələ də elektrik enerjisiz, qazsız və susuz qalıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
AZERTAG.AZ :Yaponiyanın Kumamoto prefekturasında axtarış-xilasetmə işləri davam edir

