Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə "Azərbaycan ailəsi-2016" adlı film festivalı keçirilir. Festival çərçivəsində "Həyatdan şəkilə" adlı foto müsabiqə də təşkil olunur.

Komitədən Milli.Az-a bildiriblər ki, festivalda iştirak etmək istəyənlər festivalın məqsədinə və ideyasına uyğun olan bədii, sənədli, animasiya filmlərini, sosial çarxları, televiziya verilişlərini və fotoları oktyabr ayının 1-dək Təşkilat Komitəsinə təqdim edə bilərlər.

Festivalın keçirilməsinin məqsədi kinematoqrafiya və fotoqraf sənətçiliyinin imkanlarından istifadə etməklə dövlət ailə siyasətinin həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, cəmiyyətdə mövcud olan problemlərin işıqlandırılması, gənclərdə yaradıcılıq qabiliyyətinin aşkar olunması və bədii zövqün inkişaf etdirilməsi, video və foto materiallardan ibarət fondun zənginləşdirilməsi və təqdim edilən işlərin maarifləndirmə məqsədilə cəmiyyət üzvlərinə nümayişidir.

Müsabiqəyə təqdim olunan işlər ictimaiyyətin görkəmli elm, mədəniyyət xadimlərindən və aidiyyəti qurumların nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Müsabiqənin şərtləri barədə məlumat Komitənin rəsmi internet saytında yerləşdirilib.

Qeyd edək ki, "Azərbaycan ailəsi" film festivalı 2009-cu ildən, "Həyatdan şəkilə" foto müsabiqəsi isə 2014-cü ildən etibarən təşkil olunur. Məqsəd dövlət ailə siyasətinin həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin təbliğidir.

İlkin İzzət
Milli.Az