Xalq artisti Şəmsi Bədəlbəylinin anadan olmasından 104 il keçir

Xalq artisti Şəmsi Bədəlbəylinin anadan olmasından 104 il keçir
13:23 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 fevral, AzərTAc
Fevralın 23-ü xalq artisti, görkəmli rejissor və ictimai xadim Şəmsi Bədəlbəylinin anadan olmasının 104 ili tamam olur.
O, Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində Bədəlbəy Bədəlbəylinin və Rəhimə xanım Qacarın ailəsində dünyaya göz açıb.
Atası dövrünün qabaqcıl maarif və mədəniyyət xadimi olub, ömrünün otuz beş ilini müəllimliyə həsr edib. Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşasında İbn Səlam rolunda çıxış edib, sonralar Məcnunu da canlandırıb.
Azərbaycan mədəniyyəti tarixində Bədəlbəylilər nəslinin nümayəndələrinin müstəsna xidmətləri olub. Bu ailədə böyüyən uşaqlar günün problemləri, incəsənət aləmində baş verən hadisələrlə yaxından maraqlanırdılar.
Ş.Bədəlbəyli hələ pedaqoji məktəbdə təhsil aldığı illərdə özfəaliyyət dərnəyində iştirak edib, aktyorluq istedadını sınayıb. O, 1927-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında tar, daha sonra kompozisiya nəzəriyyəsi siniflərində oxuyub, Ü.Hacıbəylinin tələbəsi olub. Dahi bəstəkarla yaxından yaradıcılıq ünsiyyəti onun bir sənətkar kimi yetişməsində mühüm rol oynayıb.
Lakin elə həmin illərdə Ş.Bədəlbəylini özünə cəlb edən daha bir sənət sahəsi vardı ki, bu da teatr rejissorluğu idi. Onun teatr sənətinə gəlişində böyük dramaturq Cəfər Cabbarlının əvəzsiz rolu olub.
Beləliklə, Azərbaycan mədəniyyətinin iki böyük şəxsiyyətinin – Ü.Hacıbəylinin və C.Cabbarlının xeyir-duası ilə sənətə qədəm qoyan Ş.Bədəlbəyli taleyini ömürlük teatrla bağlayıb.
O, jurnalistika sahəsində də özünü sınayıb. 1930-1932-ci illərdə “Gənc işçi” qəzeti redaksiyasında incəsənət və ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb, bir sıra tamaşalar haqqında məqalələr yazıb.
Ş.Bədəlbəyli rejissor kimi fəaliyyətə Azərbaycan Dövlət Dram Teatrında başlayıb və on il (1932-1942) bu teatrda çalışıb. O, həmçinin Moskvada rejissorluq üzrə təcrübə keçib. Teatrda Ş.Bədəlbəylinin M.F.Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” komediyasını səhnələşdirməsi onun komediya janrına münasibətini üzə çıxarıb.
Ş.Bədəlbəylinin dram teatrda rejissor kimi ilk müstəqil işi C.Məmmədquluzadənin “Ölülər” (1939) əsəri olub. Teatrda onun rejissorluğu ilə S.Rəhmanın “Xoşbəxtlər”, “Aşnalar” komediyaları da oynanılıb. Dünya klassik irsinə müraciət edən Ş.Bədəlbəyli U.Şekspirin “Kral Lir”, M.Lermontovun “İki qardaş” əsərlərini də səhnəyə qoyub.
1941-1942-ci illərdə Ş.Bədəlbəyli sovet ordusu hissələrində İrana göndərilib, müxbiri kimi Təbrizdə fəaliyyət göstərib. Onun rəhbərliyi altında həvəskar aktyorların iştirakı ilə Ü.Hacıbəylinin “Arşın mal alan”, Z.Hacıbəyovun “Evliykən subay”, “Əlli yaşında cavan” musiqili komediyaları tamaşaya qoyulub.
Vətənə döndükdən sonra 1943-cü ildə Ş.Bədəlbəyli Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin olunub. Ş.Bədəlbəylinin rejissorluğu ilə səhnəyə qoyulmuş F.Əmirovun “Gözün aydın”, “Ürəkçalanlar”, S.Ələsgərovun “Ulduz”, S.Rüstəmovun “Durna” musiqili komediyalarının premyeraları koloritliyi və şən emosionallığı ilə yaddaqalan olub. Bütün bu nailiyyətlərə baxmayaraq, 1948-ci ildə maliyyə çətinliyi səbəbindən Musiqili Komediya Teatrı bağlanıb.
Teatr bərpa olunduqda Ş.Bədəlbəyli böyük məmnuniyyətlə yaradıcılıq işlərini davam etdirib. O, həm Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarına yeni quruluş verib, həm də xarici bəstəkarların operettalarına müraciət edib. Ş.Bədəlbəylinin bu mədəniyyət ocağına rəhbərlik etdiyi illər teatrın “qızıl dövrü” kimi mədəniyyət tarixində iz salıb.
Ş.Bədəlbəyli müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Akademik Opera və Balet Teatrında direktor və bədii rəhbər vəzifələrində çalışıb. O, respublikada keçirilən müxtəlif bayramlar və dövlət tədbirləri çərçivəsində konsertlərə quruluş verib.
Ş.Bədəlbəyli 1959-1965-ci illərdə - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru və baş rejissoru vəzifələrində çalışıb. Lakin ayrı-ayrı vaxtlarda o, bir sıra opera tamaşalarına quruluşlar verib. Məsələn, Ü.Hacıbəylinin “Koroğlu” (1952), “Əsli və Kərəm” (1958) operalarına yeni quruluş verib. 1957-ci ildə isə Türkmənistan Opera və Balet Teatrında “Koroğlu” operasını tamaşaya qoyub.
Onun mədəniyyət və incəsənət sahəsində xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib və 1964-cü ildə “Azərbaycanın xalq artisti” fəxri adına layiq görülüb.
1976-cı ildə Ş.Bədəlbəyli Azərbaycan Teatr Xadimləri İttifaqının sədri seçilib və ömrünün sonunadək bu vəzifədə çalışıb. Onun təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan Teatr Cəmiyyətinin nəzdində “Dostluq” teatrı yaradılıb. Teatrda müxtəlif respublikaların tanınmış teatr kollektivlərinin qastrol tamaşaları nümayiş etdirilib.
Ş.Bədəlbəyli 1987-ci il mayın 24-də vəfat edib, Bakıda Fəxri xiyabanda dəfn olunub.
Bədəlbəylilər nəslinin bütün nümayəndələri kimi, Ş.Bədəlbəylinin də həyat və yaradıcılıq yolu buzə örnəkdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xalq_artisti_Semsi_Bedelbeylinin_anadan_olmasindan_104_il_kechir-834154

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR