Bakı, 23 fevral, AzərTAc
Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” adlı yeni layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir.
Layihə çərçivəsində növbəti tədbir Qəbələyə həsr olunacaq. Tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Qəbələ rayon Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı ilə martın 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında reallaşacaq.
İdarədən AzərTAc-a bildiriblər ki, layihə çərçivəsində Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini və regionların adət-ənənələrini əks etdirən dekorativ tətbiqi sənət ustalarının əl işləri sərgilənəcək, bölgənin turizm imkanları təbliğ olunacaq, incəsənət ustalarının konserti təşkil olunacaq.
Qeyd edək ki, “Bölgələrdən paytaxta” adlı yeni layihə çərçivəsində ilk tədbir Masallı incəsənət ustalaranının konserti fevralın 10-da Azərbaycan Dövlət Musiqili Teatrda həyata keçirilib.
Nəzərinizə çatdıraq ki, il ərzində Lənkəran, Şəki, Gəncə, İsmayıllı, Qəbələ, Şəmkir, Quba, Gədəbəy və Abşeron rayonlarının Bakı şəhərində mədəni tədbirləri keçiriləcək və hər bir regionun qədim tarixi, ənənələri, incəsənət nümunələri geniş formatda təqdim olunacaq.