Bakıda həbsdə olan şəxs gizlətdiyi narkotik vasitəni polis əməkdaşlarına təhvil verib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xidmət əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 1988-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsi ilə həbs edilmiş, 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Sədəfi Məhəmməd Nehmətulla oğlu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında gizlətdiyi narkotik vasitəni könüllü olaraq təhvil verməyə razı olduğunu bildirib.

Alınmış məlumat əsasında Xəzər Rayon Polis İdarəsinin və təcridxananın əməliyyat aparatının əməkdaşları tərəfindən yuxarıda göstərilən ünvanda soyuducunun altında gizlədilmiş, 0,5 qram çəkidə narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az