Balakən rayonun Sarıbulaq kənd sakini, 1920-ci il təvəllüdlü, Sanur İbrahim qızı Balaşova RPŞ-yə müraciət edərək mayın 22-i nəməlum şəxsin onun yaşadığı evə basqın edərək, onu döydüyünü və bıçaqla hədələyərək 65 manat pulunu götürüb hadisə yerindən qaçdığını bildirib.
Kanal S (Region TV) xəbər verir ki, müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin şəxs Zaqatala rayonu Əliabad qəsəbə sakini 1969-cu il təvəllüdlü Qurban Hudul oğlu Ağaməmmədovdur.
Aparılan əməliyyat nəticəsində o da məlum olub ki, Qurban Ağaməmmədov may ayının 19-u elə həmin kənddə, kənd sakini Eldar Murtuzəli oğlu Qurahilovun evinə basqın edərək bıçaqla onun əl nahiyəsinə xəsarət yetirib və ondan 27 manat götürərək hadisə yerindən qaçıb. Qurban Ağaməmmədov Astara sərhəd keçid məntəqəsindən qonşu İran İslam Respublikasına keçmək istiyərkən hüquq-mühafizə orqan əməkdaşları tərəfindən saxlanılıb. İlkin istintaq zamanı məlum olub ki, Qurban Ağaməmmədov əvvəllər qətl törətməyə və qanunsuz silah saxlamağa görə, ümumilikdə 20 il olmaqla iki dəfə məhkumluq həyatı yaşayıb və zərərçəkənlərdən Eldar Qurahilov Qurban Ağaməmmədovun həbsxana yoldaşıdır. Faktla bağlı Qurban Ağaməmmədovun barəsində CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, onun rayon ərazisində baş vermiş digər cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.
Milli.Az