Rusiya milli komandasının və Almaniyanın "Şalke" klubunun futbolçusu Roman Noyştedter karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Report-un "Habertürk"ə istinadən verdiyi məlumata görə, 28 yaşlı müdafiəçinin transferində "Qalatasaray" rəhbərliyi maraqlıdır.
Təcrübəli oyunçunun hazırkı klubu ilə müqaviləsi iyunun sonlarında başa çatır. "Sarı-qırmızılar" onu azad agent kimi əldə etmək istəyirlər. "Qalatasaray" alternativ variant kimi Martin Şkrtelin İngiltərə "Liverpul"undan alınmasını da nəzərdən keçirir. Lakin hazırkı klubu slovakiyalı müdafiəçidən ötrü 5 - 7 milyon avro civarında qazanc əldə etmək niyyətindədir.
Noyştedter ötən mövsüm "Şalke"nin heyətində Bundesliqada 30 oyuna 1 məhsuldar ötürmə ilə yadda qalıb. Bu yaxınlarda Rusiya pasportu alan futbolçu 2016-cı il Avropa çempionatına yollanacaq heyətə salınıb. Çempionat iyunun 10-dan iyulun 10-dək Fransada təşkil olunacaq.
Milli.Az