Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və qaçaqmalçılıqda təqsirləndirilən Kamerun vətəndaşı Mishel Raphael Kamonun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə ifadə vermək təklif olunub. o, özünü pis hiss etdiyini deyib.

Hakim deyib ki, təqsirləndirilən şəxsə dəfələrlə ifadə vermək təklif olunsa da o, bəhanə edərək ifadə verməkdən imtina edib. Daha sonra hakim məhkəmə istintaqının yekunlaşdırmağı təklif edib. Lakin dövlət ittihamçısı bununla razılaşmayıb. O, təqsirləndirilən şəxsi dindirmək istədiyini deyib.

Qeyd edək ki, M. R. Kamo Azərbaycan vətəndaşı olan Mürsəl adlı şəxsi aldadaraq dələduzluq edib. Belə ki, M. R. Kamo ondan 250 min manat pul alıb və həmin pulu xaricdən gətirilmiş xüsusi dərman vasitəsi ilə 750 min manata çevirəcəyinə inandırıb. Bundan əlavə o, qaçaqmalçılıqla məşğul olub. Hava limanında onun üzərinə baxış keçirilən zaman müxtəlif ölkələrin pulları üzərindən çıxıb.