Bakı, 25 fevral, AzərTAc
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar maarifləndirmə tədbirləri çərçivəsində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin Quba və Şəkidəki regional mərkəzlərində tədbirlər keçirilib.
Ombudsman Aparatından AzərTAc-a bildiriblər ki, tədbirlərdə Xocalı şəhərində törədilmiş kütləvi insan qırğınından bəhs olunub, faciənin acı nəticələrindən danışılıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib, 613 sakin qətlə yetirilib, 8 ailə tamamilə məhv olunub. Xocalı sakinlərindən 1275 nəfəri əsir düşüb, 150 nəfərin taleyi bu günədək məlum deyil.
Tədbirlərdə İnsan hüquqları üzrə müvəkkil E.Süleymanovanın nüfuzlu beynəlxalq təşkilatlara, ombudsmanlara, o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, diaspor təşkilatlarımıza faciənin ildönümü ərəfəsində ünvanladığı bəyanat iştirakçıların diqqətinə çatdırılıb.