[ 26 Fevral 2015 11:39 ]
Bakı – APA. Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyinin və “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu” ictimai təşkilatının (UABD) dəstəyi ilə Kiyevdə Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş konsert-rekviyem keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, tədbirdə Ukrayna prezidentinin humanitar məsələlər üzrə müşaviri Yuri Boqutski, keçmiş xarici işlər naziri Vladimir Oqrızko, Ukrayna Ali Radasının deputatları Roman Nəsirov, Nataliya Veselova, Yaroslav Markeviç və digər rəsmi şəxslər, habelə Gürcüstan, Küveyt, Əfqanıstan, Malayziya, Moldova, Özbəkistan, Pakistan, Rumıniya, Türkiyə, Türkmənistan və Yaponiyanın Ukraynadakı səfirləri, GUAM-ın baş katibi, ARDNŞ-in Ukrayna nümayəndəliyinin, Ukrayna ictimaiyyətinin, Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri və jurnalistlər iştirak ediblər.
Tədbirdə Ermənistanın Azərbaycan torpaqlarında, əsasən də Xocalı şəhərində törətdiyi vəhşiliklər barədə iştirakçılara məlumat verilib. Sonra soyqırımı qurbanlarının xatirəsinə konsert-rekviyem keçirilib. Konsertdə İsrail və ABŞ-ın tanınmış dirijoru, beynəlxalq Qəbələ musiqi festivalının həmtəşkilatçısı Dmitri Yablonskinin dirijorluğu və Azərbaycanın tanınmış tarzəni Şəhriyar İmanovun müşayiəti ilə Ukrayna Dövlət Filarmoniyasının Kiyev orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa edilib. Musiqi proqramı çərçivəsində Qara Qarayevin simli orkestr üçün 3-cü simfoniyası, Aleksandr Çaykovskinin “Xocalı” rekviyemi, Vaqif Mustafazadənin orkestrlə fortepiano konserti, Fikrət Əmirovun simli orkestr üçün “Nizami xatirəsi” simfoniyası və digər əsərlər səsləndirilib.
Mərasim salonunda Azərbaycan və Ukrayna rəssamlarının rəsm və foto əsərlərinin sərgisi təşkil olunub, səfirlik tərəfindən ingilis və Ukrayna dillərində Xocalı faciəsinə dair məlumatı əks etdirən məcmuələr, UABD-nin “Azərbaycanın sözü” qəzetinin Xocalıya həsr olunmuş xüsusi buraxılışı, Dağlıq Qarabağ münaqişəsinə dair səfirliyin çap etdirdiyi kitablar iştirakçılara paylanıb.