Bakı, 2 mart, Pərvanə İmanova, AZƏRTAC
Martın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında bu qurumun “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının və AMEA-nın Folklor İnstitutunun birgə təşkilatçılığı ilə “Soyqırımları xalq yaddaşında” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları AMEA-nın əməkdaşlarının soyqırımlarına həsr edilən rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Konfransda AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək tarix boyu xalqımıza qarşı aparılmış soyqırımı və deportasiya siyasətindən söz açıb. Akademik zaman-zaman ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasətindən də danışıb.
Daha sonra konfrans işini bölmə iclasları ilə davam etdirib. İclaslarda “Naxçıvanda soyqırımı hadisələri və folklor”, “Xocalı faciəsi Qarabağ bayatılarında”, “Qarabağın işğalı xocavəndlilərin xatirələrində”, “Erməni qəddarlığı xalq yaddaşında”, “Ermənilərin türklərə qarşı soyqırımı siyasətinin etno-psixoloji kökləri” və digər mövzularda məruzələr dinlənilib.