Bismillahir-rəhmanir-rəhim. Sözümü Rəhman və Rəhim olan Allahın adı ilə başlayıram...

İndi oxucu elə biləcək ki, bu yazı ya dini mövzudan bəhs edir, ya da bunu yazan şəxs din xadimi və ya ən azından ilahiyyatçıdır. Xeyr, düşündüklərinizin heç biri deyil. Bu yazıda söhbət siyasətdə öz çirkin maraqları üçün din, daha doğrusu dindar amilindən sui-istifadə edilməsindən gedəcək. Əlqərəz...

Bu gün Azərbaycanda özünü siyasi müxalifət hesab edib Milli Şura adlandıran bir qrup Bakıda "Məhsul" stadionunda mitinq keçirib. Lakin görünür mitinqin təşkilatçıları mitinqin məhsuldar olmayacağını öncədən zənn edib əlavə auditoriya toplamaq üçün maraqlı gediş ediblər. Guya refenduma çıxarılan Konstitusiyaya dəyişikliklərə etiraz adı ilə keçirilən mitinq az qala "Aşura günü" və ya İŞİD terrorçularının hansısa əməliyyat öncəsi təlimatlandırma tədbirinə bənzəyirdi. Ətrafına heç bircə min nəfəri də yığa bilməyən bu siyasət "əjdaha"ları indi ümidini narazı dindar təbəqəsi arasında axtarırlar.

Əslində sentyabrın 11-də keçirilən mitinqdə də bu tendensiya müşahidə olunmuşdu, amma bu dəfə "yeni taktika" öz kulminasiya nöqtəsinə çatdı. Stadionda Konstitusiya ilə, hüquq və hüquqi maarifləndirmə ilə bağlı fikirlər və şüarlar səsləndirməkdənsə nədənsə gur səslə "Ya Əli, Ya Hüseyn!", "Allahu Əkbər!", "Dində təqvadır, ürəkdə davadır" şüarları eşidilirdi. Bu dəfə "Şura"çılar, "Kərimli"çilər dindarlar arasında "şiyənin vəhhabisi" adlandırılan və ötən ilin sonlarında Nardaranda bir neçə nəfərin ölümü ilə nəticələnən hadisələrə görə həbs edilmiş Hacı Taleh Bağırzadənin tərəfdarlarına ehtiyac duymuşdular. Nöşün ki, sifariş belə olubdu.

"Şura"vilər radikal dindarlara "pənah" apardılar

Artıq heç kimə sirr deyil ki, referendum qabağı keçirilən bu mitinqlər, eləcə də ABŞ və Avropada Azərbaycan əleyhinə müxtəlif dairələrdə aparılan kampaniya bir mərkəzdən idarə olunur. Lakin həmin mərkəz icraçıların sayının azlığından ehtiyat edərək yeni tərəfdar toplamaq və bunun üçün dindar, daha doğrusu şiyələrin radikal qanadından istifadə etmək qərarına gəlib. Çünki onlar yaxşı bilirlər ki, din çox incə və həssas məsələdir. Azərbaycanda siyasi əqidə o qədər də böyük rol oynamasa da, dini əqidəyə sahiblik dəyişməz və mühüm rol oynayır. Onlar yaxşı bilirlər ki, 25 ildir ki, çürük siyasi ideologiya ilə özünə tərəfdar toplaya bilməyən müxalifət yüzillərin sınağından uğurla çıxmış din və məzhəb amilindən xeyli yararlana bilər. Onlar yaxşı bilirlər ki, Azərbaycan əhalinin nisbi çoxluğunu şiyələr təşkil edir. Və mitinqdə dini-şiyə şüarları səsləndirməklə bu əksəriyyətdən yararlanmaq istəyi aşkardı. Amma onlar yanıldılar.

Əvvəla, onların bu planları hələ mitinqdən əvvəl faş oldu. Elə bu səbəbdəndir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə bu mitinqin və onun təşkilatçılarının din və dindarlarla əlaqəsi olmadığını bildirdi və dindarları bəzi siyasətbazların əlində alət olmamağa çağırdı. Həmçinin ölkənin digər tanınmış din xadimləri də ölkənin inanclı insanlarının Milli Şuranın bu aksiyalarına dəstək vermədiklərini açıqladılar. Bəs onda bu "Şura"vilər, daha doğrusu onlara belə aksiyalar keçirib dindarlardan istifadə etməyi tövsiyə edənlər nə istəyirlər? Cavab çox sadədir: Əfqanıstanda, İraqda, Suriyada, Liviyada nəyə nail olmuşdularsa, onu.

Lideral və mötədil dindarlardan fərqli olaraq istənilən dinin və ya dini məzhəbin, cərəyanın radikal nümayəndələri daha emosional olur, fiziki qarşıdurmalara, zor tətbiqinə daha meylli olurlar. Onları qıcıqlandırmaq daha asandır. Belə olduqda həmin şəxslər vurmaqdan, dağıtmaqdan, qırmaqdan, hətta öldürməkdən belə çəkinmirlər. Amma görünür, işləri tələm-tələsik gördüyündən bütün detalları nəzərə ala bilməyiblər.

Adətən deyirlər ki, günəşdən qorxanlar yarasalardır. Amma siyasi aksiyaları insanlar keçirir və bu zaman kiminsə günəşdən və ya yağışdan qorxaraq bundan boyun qaçırması gülünc görünür. Bunu niyə deyirik? Çünki "əlahəzrət" müxaliətçilər mitinqə cəmi 800-850 adamın gəlməsini hava şəraiti ilə izah etməyə çalışıblar. Halbuki, bu gün sadəcə yağış yağırdı, nə sel, nə tufan yox idi. Axı siyasi əqidəsi, amalları uğrunda mübarizədə adicə yağışdan qorxanlardan müxtəlif siyasi məngənələr qarşısında ölkənin taleyinin həll edilməsinə necə töhfə verə bilərlər?!

Qısası, dini və dindarı idman arenasında siyasi mübarizənin oyunçusu etməzlər...

Pünhan Mirzə
Milli.Az