Sevinc yoxsa qorxu bayramı?

Sevinc yoxsa qorxu bayramı?
21:12 27 Oktyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

"Qan sıçramış divarlardan kəllələr və qurdlar, yarasalar sallanıb. Tavandan qara pişiklər və gözləri parlayan xortdanlar, pəncərələrdən isə qulyabanılar asılıbdır. Otağın ortasında skelet, masanın üzərində qoparılmış bir oyuncağın başı və qanlı balta görünür." Əvvəllər dəhşət filmlərində rastlaşdığımız bu mənzərəyə artıq təhsil ocaqlarında, "Halloween" adlandırılan bir bayram çərçivəsində keçirilən mərasimlərdə də rast gəlmək olar. Halloween coşğunluqları və bu bayramla əlaqəli xürafatlar XIX əsrin sonlarında ABŞ-a köçən irland və şotland mühacirlər tərəfindən ölkəyə gətirilmişdir. Qədim keltlərin tarixinə əsasən, 31 oktyabr ərəfəsində şər qüvvələr insanlar aləminə daxil olaraq insanlara ziyan vururdular. Evlərə və mal-qaraya ziyan (trick) vurmamağın əvəzində insanlar şər qüvvələrə yemək (treat) təklif edirdilər. Bu gün Qərb ölkələrində uşaqların şirni toplamaq üçün qapıları gəzərək "Trick or treat" ("İkram et yoxsa ziyan vurarıq") deməsinin də kökündə məhz bu ənənə durur.

Milli.Az vib.az-a istinadən bildirir ki, Şər qüvvələri qorxutmaq məqsədilə əcaib geyimlər geyinən insanlar kahin druidlərin qaladığı tonqalların ətrafına toplaşır, evə qayıtdıqda isə öz evlərinə tonqaldan kömür götürərək balqabaq və içi oyulmuş digər tərəvəzlərin içində öz evlərinə "yeni od" aparırdılar. XX əsrin əvvəllərində mühacirlərin təsiri altında Halloween zamanı ABŞ şəhərlərində kiçik vandalizm aktlarının törədilməsi - şüşə sındırmaq, ağacları yandırmaq və s. dəb halını almışdı. KİV-dən əldə edilən məlumatlara əsasən məhz Halloween mərasimləri keçirilən vaxt ərzində xüsusilə gənclər arasında zorakılıq aktlarının artması müşahidə olunmuşdur. Sosioloqlar cəmiyyətin bu cür bayramlar qeyd etməsini dövrümüzə xas ən təhlükəli məqamlardan biri olduğunu vurğulayır. Onlar hesab edir ki, Halloween və buna bənzər mərasimlərin qeyd olunması mədəniyyətin böhran keçirdiyindən xəbər verir. İnsanlar artıq xeyirlə şəri bir-birindən ayırmaqda acizdirlər.

Bu cür "bayramları" və ya qorxu filmlərini emosional şəkildə qavrayan insan həmişə özünü personajların yerinə qoyur və öz mənəvi keyfiyyətlərindən asılı olaraq baş verənləri ya müsbət, ya da mənfi rolda yaşayır və bu rol onun psixikasına həkk olunur. Bu cür "bayramlarda" uşaqlar demək olar ki, heç bir müsbət rolları canlandırmırlar. Halloween təşkilatçıları ayinlərin həqiqi anlamını ört-basdır edərək uşaqları nağılsayağı, sehrli və qeyri-adi bir aləmə dəvət edir. Halloween mərasimlərində pərəstiş obyektləri cinlər, şeytanlar, küpəgirən qarılar, cadugərlər və s. kimi mənfi obrazlardır.

Psixoloq Tatyana Qonçarenko bu cür bayramlar haqqında qeyd edir: "Bu kimi emosional tamaşalarda yer alan parlaq təsvirlər uşağın təhtəlşüurunda dərin izlər qoyur və bu cür əcaibliklərin kabusu daim onun psixikasında yaşayır. Həssas, vəsvəsəli uşaqlarda bu qaranlıq, tənhalıq qorxuları, nevrozlar, gecə kabusları ilə nəticələnə bilər. Və valideynlərin heç ağlına da gəlmir ki, övladlarının problemlərinin səbəbi məhz bu cür bayram ola bilər...əgər uşağın təxəyyülü coşsa, bu onda qəddarlıq, zorakılıq, özbaşınalığa gətirib çıxara bilər. Uşaqlar böyüklərdən fərqli olaraq real həyatı təxəyyüldən ayırmaq qabiliyyətinə malik deyillər və bütün baş verənləri, keçirdikləri hissləri olduğu kimi mənimsəyirlər. Nəticə etibarilə, fitri olaraq insana verilmiş özünü şərdən qorumaq instinkti yoxa çıxır. Bütün bunlar isə gələcək həyatda özünü büruzə verir". Bir mühüm məqamı da qeyd etmək lazımdır: müəllimlərin bu cəfəngiyyatda iştirakından sonra şagirdlər müəllimə necə gözəl münasibət bəsləyə bilər? Aqressiya aşılayan bu tədbirlərdə şagirdlərlə birgə "əylənən" müəllim onlara mənəvi keyfiyyətləri necə aşılaya, xeyri şərdən ayırmağa necə kömək edə bilər? Axı müəllimin fəal şəkildə özünü bu mərasimlərə həsr etməsi onun özünün hələ xeyrin harda bitdiyindən, şərin harda başladığından xəbərsiz olduğunun göstəricisidir.

Ölkəmizdə də bir sıra mütəxəssislər təhsil ocaqlarında türk xalqlarının ənənəsinə və dininə xarakterik olmayan və Azərbaycan cəmiyyətinin milli tarixi və mədəni irsinin tərkib hissəsini təşkil etməyən Halloween mərasimlərinin keçirilməsini məqsədəuyğun saymır. "Təhsil Haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində "...təhsilin humanistləşdirilməsi, ümumbəşəri dəyərlərin, insan həyatı və sağlamlığının, şəxsiyyətin azad inkişafının üstün tutulması" 49-cu maddəsində isə "...əməyi və şəxsi nümunəsi ilə milli zəminə və ümumbəşəri sərvətlərə, bütün insanlıq üçün qiymətli olan mənəvi dəyərlərə - həqiqətə, ədalətə, sədaqətə, vətənpərvərliyə, humanizmə, rəhmdilliyə, əməksevərliyə, demokratikliyə, prinsipiallığa və başqa keyfiyyətlərə hörmət və məhəbbət aşılamaq, valideynə, ailəsinə, qadınlara, yaşılılara, uşaqlara, ətraf mühitə, bütövlükdə Azərbaycan təbiətinə, Azərbaycanın və Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə dərin hörmət hissi yaratmaq" nəzərdə tutulub. "Tərbiyə İşinin Təkmilləşdirilməsinə dair Fəaliyyət Planında" keçirilməsi tövsiyyə olunan tədbirlərin təsdiq olunaraq məktəblərə təqdim olunmuş siyahısında da "Halloween" bayramının adı yoxdur.

Milli.Az vib.az-a istinadən bildirir ki, həkim-nevropatoloq Lalə Sadıqova bu bayramın uşaq psixologiyasına təsiri barədə aşağıdakıları bildirib: "Bu mərasimlərdəki personajların səbəb olduğu qorxu hissi uşaqlarda ciddi yuxu pozğunluqlarına səbəb olur və onların psixo-fiziki inkişafına mənfi təsir göstərir, aqressiyanın, şiddətin, qəddarlığın aşılanması ilə nəticələnir".

Defektoloq-loqoped Günel Hacıyeva isə valideynləri öz övladlarının tərbiyə aldığı mühitləri yüksək həssaslıqla seçməyə çağıraraq aşağıdakıları bildirib: "Son zamanlar uşaqlarda nitq qüsurlarının ən başlıca səbəbi qorxu və stressdir. Məhz qorxu və stress uşaqlarda kəkələmə dediyimiz loqonevroz xəstəliyi meydana gələ bilər".

Bütün bu deyilənləri nəzərə alaraq cürətlə deyə bilərik ki, bu bayrama xas mərasimlərin uşaq mühitində keçirilməsi zorakılığa, aqressiyaya, asosial davranışlara səbəb olur və psixoloji, pedaqoji və sosial cəhətdən uşaqlar və böyüklər üçün dağıdıcı effektə malikdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR