Vəhy, yoxsa təcrübə? - Saakaşvilinin “batan gəmi”dən tullanmasının SƏBƏBLƏRİ

Vəhy, yoxsa təcrübə? -  Saakaşvilinin “batan gəmi”dən tullanmasının SƏBƏBLƏRİ
17:23 8 Noyabr 2016
118 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili dünən istefa verdi. O, keçirdiyi mətbuat konfransında bildirdi ki, onu Ukraynada olduğu kimi heç vaxt aldatmayıblar.

Saakaşvili prezident Pyotr Poroşenkoya hücum edərək “mübarizənin yeni mərhələsi”nə söz verdi.

Gürcüstanın keçmiş prezidentinin istefası ilə bağlı müxtəlif səbəblər göstərilir. Səbəblərdən biri kimi oktyabrın əvvəlində Gürcüstanda keçirilən parlament seçkiləri göstərilir. Belə ki, əgər Saakaşvilinin partiyası – “Vahid Milli Hərəkat” seçkiləri udsaydı, o, vətənə qayıtmağa ümid edə bilərdi. Amma bu baş vermədi. Saakaşvilinin partiyasi yalnız uduzmadı, həm də partiyada parçalanma baş verdi. Partiyadakı qruplardan biri bildirdi ki, partiya lideri başqa ölkədə vəzifə tutan və başqa ölkənin vətəndaşı olmamalıdır. Qeyd edək ki, Saakaşvili 2015-ci ilin mayında Ukrayna vətəndaşlığı alıb.

“Saakaşvili qubernator vəzifəsindən istefa edərək partiya daxilində öz şəxsi statusunu saxlamaq istəyir. Gürcüstanda müxalifətin formal lideri olmaq onun üçün daha əhəmiyyətlidir”, – gürcü politoloqu Vaxtanq Maisaya hesab edir.

Daha bir səbəb Saakaşvilinin tərəfdarları - “islahatçıların gürcü komandası”nın Ukrayna hakimiyyətindən tədricən gedişi göstərilir. Son olaraq Odessa vilayətinin polis rəisi Georgi Lordkipanidze istefa verdi. Ona qarşı korrupsiya ittihamları səslənirdi. Nəticədə, qubernator təsirini itirirdi. Maisaya hesab edir ki, vəzifə Saakaşvili üçün tədricən mənasını itirirdi.

Daha bir səbəb isə Rusiyanın lenta.ru saytı tərəfindən irəli sürülüb. Məsələ bundadır ki, “mübarizənin yeni mərhələsinə” başlamağa söz verən Saakaşvili bunun üçün müəyyən alətlər dəstini yaratmağa vaxt tapıb. Xatırladaq ki, siyasətçi öz reytinqinin pikində korrupsiyaya qarşı hərəkat təsis edib və hətta ölkənin bir neçə vilayətində böyük forumlar keçirərək tərəfdarlar qazanıb. Layihənin təşəbbüskarları hərəkatın gələcəkdə parlament seçkilərində iştirak etməsi üçün partiya formatına keçidinin mümkünlüyünü gizlətmirdilər. Son zamanlar layihə haqqında demək olar ki, heç nə eşidilmir, ancaq o, rəsmi olaraq mövcuddur və istənilən vaxt yenidən işə salına bilər.

Bundan başqa, Ukrayna Ali Radasına növbədənkənar seçkilərin keçirilməsi imkanı haqqında söhbətlər gündəmdən düşmür. Əgər Saakaşvili bu məsələ barədə dəqiq informasiyanı alıbsa, qubernator vəzifəsini tərk edərək öz silahdaşlarının başqa cəbhəyə keçidinə başlaya bilər.

Amma məsələ ondadır ki, Saakaşvilinin özü parlament və ya prezident seçkilərində iştirak edə bilmir. Çünki, o, Ukrayna vətəndaşlığını alsa da, qanunvericilikdə tələb olunan qədər ölkədə yaşamayıb. Ancaq parlamentdəki silahdaşları gürcü siyasətçini Ukrayna hökumətinə gətirib çıxara bilərlər. Siyasi partiyasının tanınması və seçkilərdə yaxşı nəticə əldə etməsi yalnız Ukrayna hakimiyyəti ilə yaxşı münasibətlər halında mümkündür. Başqa halda, Saakaşviliyə nə efir, nə də seçicilərlə görüş üçün zallar veriləcək.

Amma hər şeyin daha sadə olacağı istisna edilmir. Lenta.ru yazır ki, bütün reytinq göstəriciləri Ukrayna hakimiyyətinin bütün nümayəndələrinin etibarının aşağı, hətta faciəli səviyyəsini göstərir, daimi etiraz aksiyaları ölkəni silkələyir.

“Saakaşvili gəminin hansı istiqamətdə əsdiyini və batan gəmidən nə zaman qaçmaq lazım olduğunu yaxşı anlayan çox təcrübəli aparatçıdır”, - lenta.ru yekunlaşdırıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR