Bu il sosial xidmət müəssisələrindən 45 nəfər ailələrinə qayıdıb

Bu il sosial xidmət müəssisələrindən 45 nəfər ailələrinə qayıdıb
14:57 14 Noyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində hazırda 1102 nəfər şəxs tam dövlət təminatında yaşamaqla, stasionar şəraitdə sosial xidmətlərlə təmin olunurlar.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, həmin insanların 771 nəfəri 18 yaşdan yuxarı şəxslərdir. Onlardan 230 nəfəri nazirliyin Müharibə və əmək əlilləri üçün pansionatında, qalanları ruhi-əsəb əlilləri olduqları üçün psixonevroloji sosial xidmət müəssisələrində yaşayırlar.
"Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Müharibə və əmək əlilləri üçün pansionatda əsaslı təmir və geniş yenidənqurma işləri aparılıb, pansionat üçün yeni korpus da inşa olunaraq istifadəyə verilib. Burada sakinlərin keyfiyyətli tibbi-sosial xidmətlə təmin edilmələri, asudə vaxtlarının mənalı təşkili üçün müvafiq şərait, kitabxana, idman zalları və s. yaradılıb. Psixonevroloji sosial xidmət müəssisələrində də müasir tələblərə uyğun yaşayış şəraitinin yaradılması təmin olunub.
Sosial xidmət müəssisələrindəki şəxslərdən 331 nəfəri isə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Onlar nazirliyin 1 və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində hərtərəfli dövlət qayğısı altında yaşayırlar. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində bu sosial xidmət müəssisələrində uşaqlar üçün nümunəvi şərait yaradılıb", - nazirlikdən bildirilib.
Qeyd olunan müəssisələrdə yaşayan insanların daimi qida, geyim və tibbi xidmətlərlə təminatı ilə bərabər, onların potensiallarına uyğun olaraq çoxşaxəli reabilitasiya tədbirlərinə cəlb edilmələri yönündə də müvafiq işlər görülür.
Eyni zamanda, de-institusionalizasiya tədbirləri, sosial xidmət müəssisələrində yaşayan şəxslərin doğma ailə mühitinə qayıtmaları üçün müvafiq işlər davam etdirilir. Belə ki, cari ildə həmin müəssisələrdən 45 nəfər doğma ailələrinə qayıdıb. Onlardan bir hissəsi də sağlamlıq imkanları məhdud uşaqlar olub.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/bu-il-sosial-xidmet-muessiselerinden-45-nefer-ailelerine-qayidib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR