Növbə rayonlara çatdı

Növbə rayonlara çatdı
18:12 24 Noyabr 2016
220 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərpoçt" MMC rəqəmsal TV dekoderlərinin ilk partiyasını artıq rayon poçt filiallarına çatdırıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Azərpoçt" MMC-dən məlumat verilib.

Məlumata görə, dekoderlərin satışı artıq Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmaz poçt şöbələrində həyata keçirilir. Adıçəkilən rayonlarda analoq yayım dekabrın 1-dən dayandırılacaq.

Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün dekoderləri ("Set-Top-Box") 22 manat ödəməklə istifadə haqqında təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür.

"Azərpoçt" MMC-dən bildiriblər ki, rayonlarda rəqəmsal yayıma keçid mərhələli şəkildə həyata keçiriləcək. İkinci mərhələdə dekabrın 10-dan Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygol, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Məngəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda analoq yayım dayandırılacaq.

Üçüncü mərhələdə dekabrın 20-dən Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik və Astara rayonlarında analoq yayım dayandırılmaqla rəqəmsal yayıma keçid həyata keçiriləcək.

Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Belə ki, analoq yayım üçün istifadə olunan anten vasitəsilə rəqəmli formatda TV proqramları izləmək mümkündür.

Rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradacaq.

Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 10 dekabr 2014-cü il tarixindən, Bakı və Abşeron yarımadasında isə bu il noyabrın 1-dən keçilib.

Rəqəmli televiziya yayımına keçidlə bağlı yaranan hər hansı problem və sualla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 14-11 nömrəli "Qaynar xətt"nə zəng etmək olar.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR