Yanvarın 24-də gecə saatlarında 18 mərtəbəli binanın sakini, keçmiş polis polkovniki Ramiz Quliyevin müəmmalı intiharı ətrafında müzakirələr səngimək bilmir. Vaxtilə rəis müavini işləmiş R.Quliyevin yaxınları onun intihar etmədiyini, eyvanda təmir apararkən yıxıldığını deyib. Onlar aidiyyəti qurumların hadisəyə yanaşmasına da etiraz ediblər. Hüquq mühafizə orqanlarının R.Quliyevin meyitinə etinasız yanaşmasını onu ilk aşkarlayan mühafizəçilər də təsdiq edir.
Belə ki, hadisə redaksiyamızın qarşısında baş verib və meyiti ilk aşkarlayan da elə mühafizəçi olub. Məlum olur ki, R.Quliyev yerə düşərkən onun beyni parçalanıb hissələri ətrafa dağılıb. Lakin nədənsə, əraziyə gələn aidiyyəti qurum əməkdaşları həmin parçaları tam təmizləmədən gedib. Dağılmış beyinin bir hissəsini mühafizəçimiz, qalanlarını isə səhər əməkdaşlarımız təmizləyib. Bütün bunlar mühafizə kameralarının yaddaşına da köçüb.
Həm bu hadisə, həm də son günlər artan intihar xəbərləri fonunda əgər meyit hissələrə ayrılarsa, həmin qalıqların kim tərəfindən təmizlənməsi məsələsinə cavab axtardıq? Bura redaksiyanın qarşısı olduğu, habelə hərəkətimizə əngəl yaratdığı üçün biz o qalıqları təmizlədik. Bəs hadisə binanın küçəyə baxan hissəsində olsaydı, onu kim təmizləyəcəkdi? Yaxud onu təmizləyən olacaqdımı?

Hüquqşünas Müzəffər Baxış Publika.az-a açıqlamasında deyir ki, qanuna görə, hadisə baş verəndən sonra ərazinin mühafizəsi üçün hüquq-mühafizə orqanlarının əməkdaşları lazımı tədbirlər görməlidir: “Bir qayda olaraq əraziyə qırmızı lent çəkilir. Hadisə nəticəsində meyitdə parçalanma varsa, qanunda buna “zorakılıq əlaməti olan meyit” deyilir. Ola bilər ki, o intihar etməsin, kimsə atsın. Həmin əraziyə prokurorluq orqanlarının əməkdaşları, müstəntiq, prokuror gəlir. Müstəntiq ərazinin, meyitin xarici müayinəsini həyata keçirir. Daha sonra meyit tam yığılmalıdır, hissələri toplanmalı Məhkəmə Tibbi Ekspertizaya təqdim edilməlidir. Daha sonra daxili müayinə ilə ölümün səbəbi müəyyən edilməlidir. Müstəntiq qalıqların toplanması üçün əraziyə əlavə həkim, mütəxəssis, həmçinin Məhkəmə Tibbi Ekspertin texniki işçisini cəlb edə bilər. Çünki hissələr ərazidə qalsa, bu, işin açılmasında çətinlik yarada bilər. Birmənalı şəkildə meyitin hissələri ərazidə qalmamalıdır.
Əgər meyitin qalıqları hadisə yerində qalıbsa, deməli hadisəni araşdıran müstəntiq işinə laqeyd münasibət bəsləyib. Bu fakt təsdiq edildiyi halda ona qarşı tədbir də görülə bilər”.

Məsələ ilə bağlı Baş Prokurorluqla əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə meyitin qalıqlarının hadisə yerində qalmasının mümkün olmadığını dedi. O, konkret faktla bağlı fikirlərə də münasibətini açıqladı: “Yanvarın 26-da hadisə yerindən guya hissələrə parçalanmış meyitin qalıqlarının tapılması barədə sualınıza gəlincə həmin məlumatlar həqiqəti əks etdirmir. Belə ki, meyit müayinə edilərkən onun tamlığı pozulmayıb”.

Məsələyə dinimizin necə yanaşmasını da öyrəndik. Bakının Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli deyir ki, hər hansı faciə və intiharda parçalanmış bədən hissələri toplanıb bütövlükdə dəfn edilməlidir: “Bədənin bütün hissələri toplanmalıdır, onların hamısına birlikdə qüsul verilməlidir. Bu həm də insanın nəşinə hörmət əlamətidir. İnsanın bədənin hər hansı hissəsinin küçədə qalması doğru deyil. Dinimizə əsasən bədəndən ayrılan hissə də yuyulub dəfn edilməlidir”.
Gülxar