PA rəsmisi: “Azərbaycanda torpaq vergisindən yığılan vəsaitin həcmi artıb”

PA rəsmisi: “Azərbaycanda torpaq vergisindən yığılan vəsaitin həcmi artıb”
15:08 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

“Son illər Azərbaycanda torpaq vergisindən yığılan vəsaitin həcmi artıb”.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın Prezident Administrasiyanın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov bildirib.

PA rəsmisi deyib ki, ötən illər Azərbaycanda torpaq vergisi üzrə artım müşahidə olunub:

“Belə ki, 2015-ci ilin doqquz ayında 3 milyon 159 min 600 idisə, 2016-cı ildə 3 milyon 660 min 600 manat olub və ya 501 min manat artıq vəsait daxil olub. Eyni zamanda, ödənişlər üzrə də artım müşahidə olub, ümumi ödənişlərdə 22 faiz artım olub. 2015-ci ilin doqquz ayında 857 min 800 manat idisə, 2016-cı ildə 1 milyon 46 min 100 manat ödənişlər daxil olunub”.

E.Eyvazov qeyd edib ki, vergi və ödənişlər üzrə gəlirlərin cəmi 2015-ci ilin doqquz ayı üzrə 8 milyon 219 min 300 idisə, 2016-cı ilin yanvar-sentyabr ayları üçün bu rəqəm 9 milyon 659 min 300 manat təşkil edib:

“Bu öz növbəsində 1 milyon 440 milyon manat artıq olub və faiz nisbəti ilə 17,5 faiz artım olub. Təsnifatlaşdırsaq isə görərik ki, tək əmlak vergisi üzrə 2015-ci ildə 3 milyon 901 min 100 manat idisə, 2016-cı ilin doqquz ayında 4 milyon 704 min 700 manat təşkil edib və 803 min manat artıq vergi yığıblar”.

PA rəsmisi vurğulayıb ki, vətəndaşları narahat edən problemlərin həll edilməsi üçün bələdiyyələrin dayanıqlı maliyyə mənbələri olmalıdır:

“Onun da yeganə yolu yerli vergi ödənişlərinin yığım səviyyəsinin artırılmasıdır. Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi bu sahədə bələdiyyələrə kömək göstərməlidirlər. Bununla bağlı Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan şəhər, qəsəbə, kənd Bələdiyyələrinin Milli Assosiayaları tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi Bazası yaradılıb. Bütün bələdiyyələrdə zona seminarları keçirilib, bu proqram artıq bütün bələdiyyələrdə quraşdırılıb və hazırda bələdiyyələr bu proqramdan kifayət qədər bəhrələnirlər. Proqrama əsasən üç ay ərzində 500 mindən artıq vergi və ödəniş ödəyiciləri artıq bu bələdiyyələrin sistemində qeydiyyatdan keçib, yəni onlar uçotdadırlar. Bu proqrama əsasən statistik məlumatlar mövcuddur”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/186170.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR