Son illərə qədər abituriyent və valideynlərin ən az həvəs göstərdiyi peşə təhsilinə marağı xeyli yüksəlib. Bunun başlıca səbəbi bu sahəyə göstərilən diqqət və həyata keçirilən yeniliklərlə bağlıdır. Peşə təhsilinin təkmilləşdirilməsi ilə bağlı görülən işlər bu sahəyə marağı artırsa da, bəzi sahələrdə müəyyən çatışmazlıqlar hiss olunur. Xüsusən də, bu məsələ kənd təsərrüfatında daha çox hiss olunur. Bəzən rayonlarda normal aqronom tapmaq müşkülə çevrilir, yaxud da müasir texnologiyadan başı çıxan şərabçı tapmaq isə mümkün olmur və sahibkar xarici ölkəyə üz tutmalı olur.

Bu günlərdə Prezident İlham Əliyevin Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində səsləndirdiyi fikirlər diqqəti peşə təhsili sahəsindəki proseslərə yönəltdi. Prezident peşə məktəblərinin yaradılması prosesinin daha da sürətlə getməli olduğunu, xüsusən, kənd təsərrüfatı mütəxəssisləri, bu sahə üzrə peşəkar kadrlar hazırlanmalı olmasına diqqət çəkdi.

Bəs bu sahədə boşluqlar nələrdir və onu doldurmaq üçün hansı işlər görülür?

Kənd Təsərrüfatı Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Namiq Məmmədov Publika.az-a açıqlamasında bu suallara aydınlıq gətirib.

Şöbə müdiri deyir ki, bu gün peşə məktəblərində aqrar sahə üzrə kadrlar hazırlansa da, lakin regionlarda ixtisaslaşmış aqrar peşə məktəblərinin yaradılmasına ehtiyac var: “Kənd Təsərrüfatı Nazirliyi olaraq bu cür peşə təhsili müəssisələrinin yaradılması ilə əlaqədar olaraq hökümətə təkliflər təqdim etmişik. Xüsusən, Azərbaycan Dövlət Aqrar Universiteti nəzdində belə müəssisələrinin yaradılması müsbət hal olardı. Çünki bu zaman müasir mühəndis pedoqoji heyətin təmin edilməsi ilə bağlı problem yaranmayacaq. Hazırda mütəxəssis məsələsində problemlər yaşayırıq. Azərbaycan Dövlət Aqrar Universitetin özünün və nazirliyin müxtəlif bölgələrdə təsərrüfatları mövcuddur. Bu təsərrüfatlarda və laboratoriyalarda təcrübə keçmək, peşəkar bacarıqlar əldə etmək olar. Bu baxımdan bir neçə bölgədə belə peşə təhsil mərkəzlərinin yaradılmasını təklif edirik. İlkin mərhələdə Gəncə, Aran, Lənkəran və Qarabağ iqtisadi rayonlarında belə mərkəzlərinin yaradılmasını istəyirik. Çünki bu rayonlar iri təsərrüfat subyektləri baxımdan çox əlverişlidir. Müvafiq sahə üzrə işgötürən təşkilatların sayı nə qədər çox olarsa, peşə təhsili də bir o qədər effektli olar. Təəssüf ki, kənd təsərrüfatı sahəsində 370 mindən artıq təsərrüfat subyekti olmasına baxmayaraq yalnız bir faizə yaxınında muzdlu işçi götürürlər, iki faizə yaxınında isə muzdlu işçi ilə yanaşı, ailə üzvlərindən istifadə etməklə təsərrüfatlarını inkişaf etdirirlər. Ümumilikdə, mütəxəssislər bu subyektlərin yalnız 3-4 faizində işə qəbul ola bilirlər. Faiz baxımından bu az görünsə də, rəqəm baxımından çoxdur. Lakin biz yalnız məzunların başqaları tərəfindən işə qəbul edilməsini deyil, onların özlərinin iş yaratması məsələsinə daha çox diqqət artırmağa çalışırıq. Bu baxımdan sadaladığımız iqtisadi rayonlarda bu məzunlarımız işlə təmin olunma potensialı yüksəkdir”.

N.Həsənov nazirliyin yalnız yeni yaradılacaq müəssisələrə deyil, dövlət və özəl peşə təhsil müəssisələri də əməkdaşlıq etməkdə maraqlı olduğunu deyib.

Bu gün kənd təsərrüfatı sahəsində ən çox peşələrə ehtiyac duyulduğuna gəldikdə, N.Məmmədov texniki işçilərə tələbin yüksık olduğunu bildirib. O, həmçini peşə təhsilinin inkişaf etdirilməsini iqtisadiyyatın inkişafında mühüm amil kimi dəyərləndirib: “Hazırda bağban, kənd təsərrüfatı texnikalarının sürücüləri, bu texnikaların təmiri, bağçılıq, pambıqçılıq sahəsində, parklara qulluq sahələri üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac var. Həmçinin bir sıra yeni ixtisasların yaradılmasını təklif edirik. Bu məsələdə işəgötürənlərin təklifi nəzərə alınır. Məsələn, şərabçılıq, tərəvəzçilik, aqrobiotexnologiya, aqrobiznes, aqroekologiya kimi mütəxəsssilərinin hazırlanmasını vacib sayırıq. Bu ixtisasların bəziləri günün tələbinə uyğundur. Təəssüf ki, kənd təsərrüfatı üzrə ixtisasların hamısı aqronomluq adı altında birləşdirilib. Bu məsələdə beynəlxalq təcrübə və yerli təlabat nəzərə alınaraq prioritet sahələr üzrə mütəxəsis hazırlanmasına ehtiyac var”.

N.Məmmədov problemlərlə yanaşı görülən işlərin kənd təsərrüfatı ixtisaslarına marağı artırdığını da dilə gətirib: “Bu sahədə görülən işlərin nəticəsində 2012-13-cü illərdə yalnız bir abituriyentin qəbul olduğu balıqçılıq, baytarlıq üzrə ixtisaslarına son illərdə dövlət sifarişi 99 faiz yerinə yetirilib. Bu ixtisaslara gələn var, lakin qəbul olan tələbələrin təhsil səviyyəsi yüksək olmadığından onları hazırlanmaqda çətinlik yaşayırıq. Görüləcək işlərin mövcud problemləri aradan qaldıracağına inanırıq”.

Gülxar