"Holcim (Azerbaijan)" ötən ili 27 mln. manat zərərlə başa vurub

"Holcim (Azerbaijan)" ötən ili 27 mln. manat zərərlə başa vurub
11:52 18 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ "Holcim (Azerbaijan)" ASC-nin aktivləri bu il yanvarın 1-nə 342,561 mln. manat təşkil edib.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin yanvarın 1-i ilə müqayisədə 5,6% azdır.
Ötən il "Holcim (Azerbaijan)”ın cəmi kapitalı 18,2% azalaraq 121,169 mln. manat cəmi öhdəlikləri isə 3,8% azalaraq 41,188 mln. manata düşüb.
2016-cı ildə şirkətin gəlirləri 77,955 mln. manat (2015-ci ilə nisbətən 7,9% az), xərcləri isə 111, 203 mln. manat (46,5% az) təşkil edib. Son nəticədə sement istehsalçısının vergidən əvvəlki zərəri 33,248 mln. manat olub ki, bu da illik müqayisədə 73% azdır.
"Holcim (Azerbaijan)" mənfəət vergisi xərclərinə 6,24 mln. manat qənaət edib və ötən ili 27,008 mln. manat xalis zərərlə başa vurub.
Xatırladaq ki, "Holcim (Azerbaijan)" 2000-ci ildə yaradılıb və Azərbaycanın ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31,813 mln. manatdır. Şirkətin səhmlərinin 76%-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 66% və 10%), 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 14%-i isə fiziki şəxslərə məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/holcim-azerbaijan-oten-ili-27-mln-manat-zererle-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR