Səudiyyə Ərəbistanı Qətərə niyə düşmən oldu? - Ortada İran məsələsi varmış

Səudiyyə Ərəbistanı Qətərə niyə düşmən oldu? - Ortada İran məsələsi varmış
15:05 5 İyun 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

"Uzun illərin müttəfiqləri arasında münasibətlərin gərginləşməsi çoxları üçün gözlənilməz oldu. Səudiyyə Ərəbistanı Qətəri terrorçulara dəstək verməkdə və İranla məxfi münasibətlərdə ittiham edir. Məncə, elə əsas səbəb ikincidir. Çünki Qətərin müxtəlif terrorçu qruplaşmalara dəstək verməsinə dair xəbərlər illərdir dolaşır. Ancaq buna görə Səudiyyə Ərəbistanı Qətəri ittiham etmirdi, əksinə bu dövlətlə əməkdaşlığına davam edirdi. Lakin Qətər müstəqil oyunçu kimi İranla əlaqə qurmaq istəyib. Bu isə Ər-Riyadın narahatlığına səbəb olub. Çünki Səudiyyə Ərəbistanı kral ailəsinin yanaşmasına görə, onunla müttəfiq olan, müxtəlif əməliyyatlarda birgə iştirak edən dövlətin İranla gizli təmaslara başlaması ərəb-sünni ittifaqının maraqlarına ziddir".

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloqun fikrincə, Səudiyyə Ərəbistanı Qətərə dəhşətli zərbə vurub və özü ilə yanaşı, müttəfiqlərini də Qətərlə diplomatik əlaqələri kəsməyə vadar edib: "Qətər qaş düzəltmək istəyərkən, iki gözündən də məhrum olmaq üzrədir. Təkcə diplomatik münasibətlər kəsilmir, Səudiyyə Qətərlə iqtisadi və siyasi əlaqələri də dondurur. Doğrudur, Qətər zəngin qaz ölkəsidir, ancaq təkbaşına və ətraf aləmlə mühasirə şəklində inkişafını necə davam etdirəcək? İranla təmasları genişləndirmək naminə ərəb dünyasından təcrid olunmaq Qətərə baha başa gələ bilər. Hələ üstəlik Qətər 2022-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bununla Qətər bu yarışmanın taleyini də təhlükə altına atır".

Ekspert hesab edir ki, Ər-Riyadın "Qətər terrorçulara dəstək verir və İranla gizli əlaqələr qurur" iddiasına Qərb dünyası da şərik çıxa bilər: "Bu halda Qətərin vəziyyəti daha da ağırlaşacaq. Doğrudur, ABŞ-ın Qətərdə hərbi bazası var. Ancaq Amerika üçün Səudiyyə Ərəbistanındakı maraqlar daha vacibdir".

E.Şahinoğlunun sözlərinə görə, bu məsələ Azərbaycanı da maraqlandırmalıdır: "Türkiyə və Azərbaycanın da Qətərlə münasibətləri var. Ər-Riyadın qərarı Ankara və Bakı üçün əsas deyil. Buna rəğmən, biz də ərəb ittifaqında baş verən bu çata diqqət yetirməliyik. Balanslaşdırılmış xarici siyasəti elə belə məqamda həyata keçrimək lazımdır. Qətərin, həqiqətən, terrorçulara dəstək verdiyi təsdiq olunarsa, bu dövlətlə münasibətlərdə məsafə saxlamağa ehtiyac duyacağıq. Ancaq mənə elə gəlir ki, Qətər vəziyyətin özü üçün təhıükəli həddə çatdığını anlayaraq xarici siyasətində ciddi düzəlişlər edəcək. Çünki Qətər ərəb dünyasından təcrid olunmuş şəkildə yaşaya bilməz".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/551419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR