Bakı. 6 sentyabr. REPORT.AZ/ Avropa Ədalət Məhkəməsi Macarıstan və Slovakiyanın 2015-ci ildə miqrantların qəbulu ilə əlaqədar qüvvəyə minən kvotaları ləğv etmək tələbini rədd edib.
"Report" BBC-yə istinadən xəbər verir ki, Macarıstan iki il əvvəl Avropaya gələn miqrantların böyük hissəsinin üz tutuduğu Yunanıstan və İtaliya kimi ölkələrə təzyiqi azaltmaq məqsədilə onların yerləşdirilməsi üzrə Avropa kvota sistemi qüvvəyə minəndən bəri bir miqrantı belə qəbul etməyib.
Bu sistem çərçivəsində yalnız 28 min miqrant qəbul edilib. Hərçənd sistem təsdiq olunan zaman sisitemin 160 min nəfəri əhatə edəcəyi gözlənilirdi.
Macarıstan, Slovakiya, Çexiya və Rumıniya kvota tətbiqinə qarşı səs verib.
Macarıstan və Slovakiya Avropa Ədalət Məhkəməsinə müraciət edərək, kvota sistemi tətbiq edilərkən prosedur pozuntular olduğunu və kvotanın miqrasiya böhranına adekvat tədbir olmadığını iddia edib.
Onların iddiaları sağçıların hakimiyyətə gəldiyi Polşa tərəfindən dəstəklənib.
Ancaq indi onların iddiası Avropa İttifaqının ən yüksək məhkəməsi tərəfindən rədd edilib. Özü də məhkəmənin qərarı qətidir və ondan apellyasiya verilə bilməz.
Üstəlik, indi Macarıstan, Polşa və Çexiya miqrantların yerləşdirilməsi ilə bağlı icbari proqramı yerinə yetirmədiklərinə görə Avropa Komissiyası tərəfindən məhkəmə tədbirləri ilə üzləşə bilərlər.