Bakı. 11 sentyabr. REPORT.AZ/ "Yeni tədris ilində məktəblərin çoxunun ibtidai siniflərini Rus dili müəllimi ilə təmin edə biləcəyik".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
O bildirib ki, ötən illərdən fərqli olaraq, bu il Rus dili müəllimlərinin nəticələri müəllimlərin işəqəbul üzrə müsabiqələrində daha yüksək olub.
M.Vəliyeva qeyd edib ki, müəllim-kadr çatışmazlığı olacaq məktəblər öz kadrları hesabına sinifləri müəllimlə təmin edəcək.
O əlavə edib ki, bu il Azərbaycanın tədris sistemində keyfiyyət ilinin təmin olunması ilə bağlı Təhsil Nazirliyi tədbirlər planını təsdiq edib: "Fəaliyyət planında təhsilin bütün əsas istiqamətləri, məktəb idarəetməsində ən müasir texnologiyalardan, yanaşmalardan istifadə, təmayülləşmə, məktəblərdə mütəmadi olaraq şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, kadr təminatı, məktəb mühitinin yaxşılaşdırılması, məktəb sənədləri ilə iş və digər bütün keyfiyyətə təsir edən sahələr üzrə işlərin görülməsi nəzərdə tutulur. Bakı Şəhər üzrə Təhsil İdarəsi olaraq həmin fəaliyyət planı əsasında il ərzində məktəblərin fəaliyyətini istiqamətləndirəcəyik".