Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən 1990-cı il təvəllüdlü Vidadi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə V.Məmmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Qubanın Mirzəqışlaq kəndində baş verib. 33 yaşlı kənd sakini Bəhruz Paşayevlə qonşusu, 52 yaşlı Samirə Məmmədova arasında şəxsi zəmində münaqişə yaşanıb. Sonradan S.Məmmədovanın oğlanları da mübahisəyə qoşulublar.
B.Paşayev həmin vaxt sərxoş olub. İttihama görə, o, S.Məmmədovaya təcavüz edib. Bu zaman münaqişə yaranıb və B.Paşayev üzərinə qaynar su tökülüb. O, Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona cərahiyyə şöbəsinə müvafiq yardımlar göstərilib. Həmin gecə saatlarında özünü zərərçəkmiş B.Paşayevin yaxını kimi təqdim edərək, xəstəxanaya daxil olan V.Məmmədov ona sarğı otağında 6 bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib.
Yaralı üzərində 6 saat cərrahiyyə əməliyyatı aparıldıqdan sonra B.Paşayevin həyatda saxlamaq mümkün olub.
V.Məmmədov Cinayət Məcəlləsinin (CM) 29.120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.
Xatırladaq ki, B.Paşayev barəsində Quba Rayon Prokurorıuğunda 29.149 (zorlamaya cəhd) və 157.1-ci (mənzildə yaşayanın iradəsinə zidd olaraq mənzilə daxil olma) maddələri ilə cinayət işi açılıb. İş Quba Rayon Məhkəməsinə göndərilib. Amma məhkəmə B.Paşayev barəsində həbs qətimkan təsbiri seçilməyib.