"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
Komandanın oyununda əsas nədən narazı qaldınız?
- Mən həmişə istəmişəm ki, cinah müdafiəçiləri daim hücumda olsun. Hücumda nə qədər çoxluq təşkil etsək, nəticə də bir o qədər yaxşı olar. Bu qarşılaşmada iki hücumçu ilə oynamaq istəyirdik. Ancaq Seqoviyanın zədəsi var idi. Buna görə, onu meydana gec buraxdım. Lakin bu vaxt da Barqas yorulmuşdu.
Emin Mahmudovun debütü necə alındı?
- Eminin bugünkü çıxışı məni sevindirdi. Axırıncı dəfə ötən mövsüm oynamışdı. Bura gələnədək isə 10 gün məşq etməmişdi. Buna baxmayaraq, yaxşı oyun sərgilədi.
Premyer Liqada 16 günlük fasilə olacaq. Bu müddətdə planınız necədi?
- Xaricə getməyi planlaşdırmırıq. Məncə, bu, artıqdır. Burada yaxşı bazamız var. Məşq edib, futbolçularda özünəinamı artırmağa çalışacağıq. Hazırda bu, çox aşağıdır.
“Qəbələ”nin hücumçuları “Neftçi”nin müdafiəçilərini çox rahat keçirdilər. Bunun səbəbi nədir: Komandalar arasında səviyyə fərqinin böyük olması?
- Belə deməzdim. “Qəbələ”nin hücumçuları fərdi oyuna çox üstünlük verirlər. Ancaq düşünmürəm ki, Abışov və Petrov səviyyəcə onlardan geri qalır. Bu gün bizim hücum xəttində fərdi keyfiyyətlər çatışmır. Bir epizodda Namiq Ələsgərov topla irəlilədi və zərbəsi qolla nəticələndi. Bu cür fürsətləri dəyərləndirmək lazımdır.
“Neftçi”yə yeni gələndə Elxan Abdullayevə zəng etdiyinizi demişdiniz. Ancaq o, sizdən zəng gəlmədiyini bildirib...
- Bu müddətdə bütün fikrimi komandaya yönəltmişdim. İstərdim ki, Elxan müəllim də bizə hörmətlə yanaşsın. O ki qaldı zəngə, 3 dəfə zəng etmişəm, götürməyib. Bundan sonra öz işimlə məşğul olmuşam.