2026-cı ilin oktyabr ayında Bakı şəhərində torpaq sahələrinin qiyməti orta hesabla 17,9% artıb. Paytaxtın bütün rayonlarında bahalaşma qeydə alınsa da, qiymət artımının tempi ərazilər üzrə fərqlənib.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) məlumat verilib.
Məlumata görə, oktyabr ayında torpaq sahələrinin qiymətində ən yüksək artım Səbail rayonunda müşahidə olunub. Bu rayonda qiymətlər 29,1% yüksəlib.
Yasamal rayonunda torpaq sahələrinin dəyəri 27,1%, Nəsimi rayonunda 24,5%, Nizami rayonunda isə 22,3% artıb.
Digər rayonlarda da əhəmiyyətli bahalaşma qeydə alınıb. Belə ki, Xəzər rayonunda torpaq sahələrinin qiyməti 20,2%, Nərimanov rayonunda 19,7%, Xətai rayonunda isə 16,5% yüksəlib.
Paytaxtın bəzi rayonlarında qiymət artımı nisbətən aşağı olub. Binəqədidə 14,9%, Sabunçuda 12,3%, Suraxanıda 11,2%, Pirallahıda 8,6%, Qaradağ rayonunda isə 8% bahalaşma qeydə alınıb.
AQC bildirir ki, paytaxtın daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri bütün rayonlarda və əmlak kateqoriyalarında eyni templə baş verməyib. Bahalaşmanın sürətinə əmlakın növü, coğrafi mövqeyi, tələb-təklif nisbəti, ərazinin xüsusiyyətləri və alıcıların davranışları təsir göstərib.
Qiymətləndirmə zamanı bazar qiymətlərinin təhlili, əvvəlki dövrlərlə müqayisələr, rayonlar üzrə qiymət fərqləri, bazar iştirakçılarının və mütəxəssislərin rəyləri, sorğu nəticələri, həmçinin tələb-təklif dinamikası nəzərə alınıb.
Rayonlar üzrə orta göstəricilərin hesablanmasında ərazilərin daşınmaz əmlak bazarındakı payı və əhali faktoru da nəzərə alınıb.