“Hamının danışığının arxasında intellekti dayanır” - Kamal Abdulla

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” konfransında çıxış edib.

Metbuat.az-ın məlumatına görə, akademik prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması ilə bağlı həyəcanının və diqqətinin başa düşülməli olduğunu qeyd edib: "Cənab prezidentin çıxışları şəxsi örnəkdir. O, səlis, dəqiq, müdrik nitqi ilə Azərbaycan dilinə münasibətini göstərir”.

Kamal Abdulla qeyd edib ki, dil xalqa məxsudur, onu məhv etmək olmaz: “Azərbaycan dilini zəif bilən adam yoxdur. Amma bu potensialdan necə istifadə edilir, bu başqa məsələdir. Hamının danışığının arxasında intellekti dayanır. Öz nitqini pozanların da bir intellekt xəstəliyi var. Aparıcıların intellektə malik olmaları, danışdıqları məsələni bilməsi lazımdır. İntellekt olmasa, dilə başqa sözlər gətiriləcək. Dilə başqa sözlərin gəlməsindən qorxmaq lazım deyil. Bəzən mən elə sözlər eşidirəm ki, ondan sarsılıram. Məsələn, neçə dəfə efirdən eşitmişəm “musiqilər” deyirlər. İntellektual səviyyəsi olmayan adamı nə qədər gözəl olsa da, efirə gətirməməliyik. Əminəm ki, aparıcıların 90 faizinin ədəbiyyatdan xəbəri yoxdur. Axırıncı oxuduğu kitab " Əlifba" kitabıdır".

Dilə başqa sözlərin gətirilməsindən danışan Kamal Abdulla bildirib ki, bundan qorxmaq lazım deyil: “Bir neçə il əvvəl çox adamın bilmədiyi multikulturalizm sözünü bu gün ucqar kənddə belə bilirlər. Azərbaycanda müxtəlif millətlər yaşayır. Azərbaycan xalqının gücü müxtəlif millətlərin gücündən, Azərbaycan dilinin gözəlliyi də həmin millətlərin gözəlliyindən yaranır”.

Sonda rektor qeyd edib ki, Azərbaycan Dillər Universitetində aparıcılara xarici dil öyrətməyə hazırdılar: “İctimai əsaslarla aparıcılar üçün xarici dil kursları təşkil edə bilərik. Azərbaycan ədəbi dili ilə bağlı bir sıra problemlər aparıcının xarici dili bilməməsindən qaynaqlanır. Ümumiyyətlə, intellekti olmayan aparıcılar televiziyaya çıxarılmağa davam edəcəksə, problemlər qalacaq”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı