"Qarabağ" futbol klubu Azərbaycan futbolu tarixində növbəti ilkə imza atdı. Avropanın, elecə də dünyanın ən güclülərindən sayılan Madridin "Atiletiko" komandası ilə oyunda "Qarabağ" UEFA Çempionlar Liqasında ilk xalını qazandı.
Bunu Milli.Az-a AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev bildirib.
AFFA rəsmisinin fikrincə, komandamız hakim haqsızlığına baxmayaraq, əzmkar oyun göstərə bilib: "Oyunu idarə edən hakimin "Atletiko"nun qapısına 11 metrlik cərimə zərbəsi təyin etməməsi, üstəlik "Qarabağ"ın aparıcı hücumçusunun meydandan çıxarılması da futbolçularımızı ruhdan salmadı. Onlar azlıqda qalmalarına baxmayaraq, sona kimi əzmkar mübarizə apardılar".
Onun fikrincə, "Qarabağ" bununla göstərdi ki, komanda düzgün yoldadır və onlar hər matçdan sonra öz oyunlarını təkminləşdirirərək Azərbaycan futbolunu dünyaya nümayiş etdirirlər: "Bu uğurlar Azərbaycan prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın bütün sahələrinə o cümlədən futbolun inkişafına göstərilən diqqət və qayğının nəticəsində əldə olunub. Komandanın rəhbərliyini, məşqçi heyətini, bütün üzvlərini keçirdikləri yüksək səviyyəli, əzmkar oyun münasibəti ilə təbrik edir, onlara növbəti oyunlarda uğurlar arzu edirəm!"

Millət vəkili hesab edir ki, "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə çıxmaqla futbol tariximizin ən uğurlu nəticəsini qazanması eyni zamanda Azərbaycanın böyük siyasi uğurudur: "Artıq "Qarabağ" bütün dünyaya Qarabağın əzəli Azərbaycan torpaqları olduğunu yüz milyonlarla tamaşaçı qarşısında nümayiş etdirir. Bu, ermənilərin Azərbaycana qarşı apardıqları çirkin təbliğat kampaniyasına tutarlı cavabdır".

Qeyd edək ki, oktyabrın 18-də Ağdamın "Qarabağ" komandasının UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda "Atletiko" (Madirid) komandası ilə qarşılaşması 0:0 hesablı heç-heçə ilə bitib. Bununla "Qarabağ" qrupda ilk xalını qazanıb. Bu, həmçinin, Azərbaycan klublarının ÇL-nin qrup mərhələsində qazandığı ilk xal olub.
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində