“Ermənistan təmas xəttinə göndərməyə əsgər tapmır” - Millət vəkili

Xəbər verdiyimiz kimi, oktyabrın 16-da İsveçrənin Cenevrə şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

Metbuat.az-ın məlumatına görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anje Kasprşik, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın iştirak etdiyi görüş konstruktiv mühitdə keçib.

Cenevrə danışıqları ilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatında qeyd olunub ki, prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər.

Ancaq görüşdən bir neçə gün sonra, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu şəhid olub.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı zamanı çıxışında bildirib ki, necə olur, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır.

Dövlət başçısı Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqində də bu məsələyə toxunub və qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası əsas vəzifədir: “Azərbaycanın ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq. Azərbaycanın ərazi bütövlüyünün bərpası əsas vəzifədir. Ermənistanın müəyyən şərtlər irəli sürtməklə danışıqlara başlamaq cəhdi baş tutmadı. Bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir. Ermənistanın isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri açıq etirafdır ki, döyüşdə onların Azərbaycan qarşısında duruş gətirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu göstərdi. Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr gözləyir”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, politoloq Elman Nəsirov bildirib ki, heç kimə sirr deyil ki, Qarabağ məsələsi ilə bağlı danışıqlardan ya öncə, ya da dərhal sonra elə təxribatlara əl atır ki, danışıqların nəticələrini heçə endirsin:

“Cenevrə danışıqları zamanı Ermənistan prezidenti guya ki, təmas xəttində gərginliyin azaldılmasında maraqlı olduğunu bildirdi, guya danışıqlara sadiq qaldığını ifadə elədi, amma bu danışıqların ardınca təxribata əl atdılar və biz şəhid verdik. Bu, Ermənistanın növbəti danışıqlar prosesinə və bundan sonra sülh məsələsinə arxadan vurduğu zərbə oldu. Onu da qeyd edim ki, Azərbaycan ordusu heç zaman düşmənin bu təxribatlarını cavabsız qoymur. Aprel döyüşlərində də çox ləyaqətlə cavabını verdi. Heç istisna deyil ki, onlar bu təxribatlarının da layiqli cəzasını alacaqlar. Ermənilər bunu çox gözəl bilirlər”.

Millət vəkilinin sözlərinə görə, Ermənistan ordusunda ən böyük problem odur ki, cəbhə xəttinə göndərməyə əsgərləri çatışmır: “Bu, hətta Qarabağ döyüşləri vaxtı da olmayıb. İlk dəfədir ki, Ermənistan Müdafiə Nazirliyi Parlamentə qanunvericilik təşəbbüsü ilə çıxış edib ki, tələbələr möhlət hüququndan məhrum edilsin. Tələbədirsə də, gedib hərbi xidmət çəksin. Bu da o deməkdir ki, artıq ermənilərin təmas xəttinə göndərməyə əsgəri də tapılmır. Gənclərin bir qismi ölkəni tərk edib, getməkdədilər, qalan hissəsi də cürbəcür yollarla tələbə adını qazanmağa çalışırlar ki, əsgərlikdən yayınsınlar. Bu gün artıq Ermənistan Parlamenti bu məsələni müzakirə etməyə başlayıb. İnsani resurs cəhətdən böyük problemlə qarşılaşıblar. İnsan resursları məsələsində iki ölkənin ordusunu qarşılaşdırsaq, təxminən 2,5 milyon əsgər, 10 milyon bizdə, beşin birə üstünlük bizdədir”.

Elman Nəsirov bildirib ki, təxribatlar danışıqlar prosesinə qarşı yönəlib: “Hesab edirəm ki, bu, həmsədrlər üçün ciddi siqnal olmalıdır ki, belə təxribatların qarşısı alınmasa, heç kim təminat vermir ki, Aprel döyüşləri daha qəliz, daha mürəkkəb ssenari üzrə davam etməyəcək: “Hər kəsə də bəllidir ki, əgər Aprel döyüşləri subyektiv səbəblərdən dayandırılmasaydı, biz artıq torpaqlarımızı işğaldan azad etmişdik. Cənab Prezident BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında bildirdi ki, təxribatlara son qoyulmasa, Azərbaycan, BMT-nin müvafiq Qətnamələrinə uyğun olaraq öz vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün Ermənistana qarşı çox ciddi cəza tədbirləri görəcək, işğalçı ölkəni Aprel döyüşlərindən də ciddi şəkildə cəzalandıracaq”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI