“Kənd təsərrüfatının ixracı 30-40 faiz artıb” - Vahid Əhmədov

Azərbaycanda son illər qeyri-neft sektorunun inkişafı ilə bağlı mühüm işlər görülüb. Prezident İlham Əliyev bu məsələnin önəmi ilə bağlı dəfələrlə məlumat verib.

Dövlət başçısının əsas diqqət yönəltdiyi sahələrdən biri də heyvandarlığın inkişafıdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bu məsələ ilə bağlı fikirlərini səsləndirib: “Heyvandarlığın sürətli inkişafı prioritetlərdən biridir. Bu il bu istiqamətdə çox işlər görülüb və gələn il də görüləcək. Əlbəttə ki, Göygöl rayonunda Süni Mayalanma Mərkəzinin yaradılması bu sahədə dünyanın ən mütərəqqi təcrübəsini Azərbaycana gətirməyi təmin edir. Yerli cinslərin sağlamlaşdırılması, yaxşılaşdırılması, cins mal-qaranın alınması məsələnin həllini kompleks şəkildə təmin edəcək və əminəm ki, biz bir neçə ildən sonra südçülük və ətçilik sahəsində daha da böyük uğurlara nail ola biləcəyik. Azərbaycanda yeni süd zavodları yaradılmalıdır. Çünki bizdə bu sahədə bu qədər ki, inkişaf gözlənilir, mövcud istehsal gücü bizi qane etməyəcək”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bildirib ki, son vaxtlarda, xüsusilə 2016-cı ildə prezident tərəfindən təsdiqlənən Strateji Yol Xəritəsində kənd təsərrüfatına xüsusi önəm verilib:

“Bildiyiniz kimi, qeyri-neft sektorunun bir qolu da kənd təsərrüfatıdır. Kənd təsərrüfatının inkişafına pambıqçılıq, toxumaçılıq, baramaçılıq və s. bir sıra sahələr aiddir. O cümlədən heyvandarlığın inkişafına da böyük önəm verilir. Düzdür, heyvandarlığın inkişafı ilə bağlı bir sıra problemimiz olsa da, inkişaf var. Əsas problem emalla bağlıdır. Süd emalı zavodları, pendir emalı zavodları və s. sahələrdə problemimiz olduğu üçün, qeyri-neft sektorunun inkişafında bu emal sənayesinə diqqəti artırmaq lazımdır. Ona görə də bu sahə ilə bağlı Strateji Yol Xəritəsində bir sıra maddələr var. Artıq Strateji Yol Xəritəsinin birinci mərhələsinin proqnozu ilə bağlı diaqnostikasını veriblər. Birinci yarım ildə nə qədər işlər görülübsə, ilin yekununda məlumat veriləcək. 2018-ci ildə Strateji Yol Xəritəsində kənd təsərrüfatında olan üstünlükləri nəzərə alacağıq. İlk dəfə olaraq, Azərbaycanda 9 ayda kənd təsərrüfatının ixracı ötən ilə nisbətən təxminən 30-40% artıb. Bu, əsas valyuta gətirən sahələrdən biridir. Bütün dünyada kənd təsərrüfatı sahəsinin inkişafı üçün dotasiya ayrılır. Əhalinin 38%-i kənd təsərrüfatı ilə məşğuldur. Ona görə də bu sahəyə diqqət böyükdür. Emal müəssisələrinin tikilməsi, istifadəyə verilməsi hazırda əsas məqsədlərdən biridir”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı