“Caspian European Club”a baş icraçı direktor təyin edilib

“Caspian European Club”a baş icraçı direktor təyin edilib
12:07 15 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Mustafa Abbasbəyli “Caspian European Club”un yeni baş icraçı direktoru təyin edilib.
“Report” xəbər verir ki, bu barədə “Caspian European Club” və “Caspian American Club” sədrinin I müavini Telman Əliyev məlumat verib.
Onun sözlərinə görə, M.Abbasbəyli uzun illər “Caspian European Club”un hüquq komitəsinə, gömrük və vergilər komitəsinə rəhbərlik edib: “O, biznes problemlərinin tədqiqində, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanlanmış bütün təkliflərin hazırlanmasında fəal iştirak edib”.
Xatırladaq ki, Mustafa Aslan oğlu Abbasbəyli 1980-ci ildə Gəncə şəhərində anadan olub. O, 2000-ci ildə “Xəzər Universiteti”ni bitirərək “Beynəlxalq hüquq” ixtisasına yiyələnib, 2001-ci ildə “Türk dili” ixtisası üzrə Egey Universitetini, 2003-cü ildə Ankara Universitetini “Özəl hüquq” ixtisası üzrə bitirib, 2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasında dissertasiya müdafiə edərək hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Maliyyə sahəsi üzrə bir çox şirkətlərdə rəhbər vəzifələrdə çalışmış M.Abbasbəyli hazırda “Beyli Group” MMC-yə rəhbərlik edir, eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetində dosent kimi çalışır. O, Vəkillər Kollegiyasının və Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür, 50-dən artıq elmi işin, həmçinin 3 kitabın müəllifidir.
Qeyd edək ki, “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. “Caspian European Club” və “Caspian American Club”un sədri Prezident İlham Əliyevdir.
Yarandığı ilk gündən “Caspian European Club” neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna cəlb olunmasına yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən qurum dünyanın 50 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/caspian-european-club-a-bas-icraci-direktor-teyin-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı