Ucar rayonunda hərəkətdə olan sərnişin avtobusunda yanğın hadisəsi baş verib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün Bakı-Qazax magistralının Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “İkarus” markalı sərnişin avtobusu qəfil alışaraq yanmağa başlayıb.
Hadisə səbəbindən magistral yolda, Bakı istiqamətində avtomobillərin hərəkətində müvəqqəti məhdudiyyət yaranıb.
Məlumat daxil olduqdan sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunublar. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun qarşısı alınıb və yanğın söndürülüb.
Hadisədən sonra yolda avtomobillərin hərəkəti yenidən bərpa olunub.
Hadisənin başvermə səbəbləri və sərnişinlərin vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.