''Cihad''a qarşı ''müqəddəs müharibə''?

''Cihad''a qarşı ''müqəddəs müharibə''?
14:17 7 Aprel 2015
151 Dünya
Ölkə mətbuatı
A- A+

1990-cı illərin əvvəllərində ''sivilizasiyaların toqquşması'' ideyasını populyarlaşdıran S.Hantinqton bu prosesi əsasən tarixi, mədəni amillərlə izah edirdi. Onun yanaşmasına görə, SSRİ-nin dağılması ilə dünyada ideoloji fərqlərin əsas etibarilə aradan qalxması "soyuq müharibə”yə son qoydu, lakin əvəzində dini, etnik zəmində fərqlər, yəni sivilizasiya fərqləri potensial münaqişə mənbələrinə çevrildi (1).

Sivilizasiyalararası fərqlər təbii səbəblərdən toqquşma mənbəyi kimi çıxış etsələr də, son dövrlərdə müəyyən kiçik qrupların əməllərinin daha böyük qruplar, bütöv cəmiyyətlər və mədəniyyətlər arasında kəskin qarşıdurma yaratmağa hesablandığı, beləliklə də süni yolla sivilizasiyaların toqquşdurulmasına çalışıldığı özünü göstərir. Süni qarşıdurma yaradılması cəhdlərinin əlaməti olaraq son zamanlar ''islamçı'' terrorçu qruplaşmaların əməllərinə diqqət yetirmək kifayətdir. Bu günlərdə Pakistanın Lahor şəhərində iki kilsənin yaxınlığında törədilən intiharçı partlayışlar nəticəsində ən az 14 nəfərin öldüyü, 80-ə yaxın insanın yaralandığı xəbəri yayıldı. Məlumatlara görə, Taliban qruplaşmasının Pakistandakı qolu terror aktlarına görə məsuliyyəti üzərinə götürüb (2).

Ümumiyyətlə, Qərb dəyərlərinə qarşı çıxan Taliban daha çox müsəlmanların ölümünə səbəb olan terror aktları ilə gündəmə gəlirdi. Lakin dünyada böyük əks-səda doğuran kilsə hücumları son aylarda özünü daha qabarıq göstərən bənzər hadisələr zəncirində bir halqa kimi görünür.

İŞİD dünya xristianlarını ayağa qaldırmağa çalışır

Məlum olduğu kimi, fevral ayında İŞİD-ə bağlı terrorçuların Liviyada 21 nəfər misirli kopt xristianını edam etməsinin video görüntüsü yayıldı. Edam videosunda terrorçular açıq şəkildə xristian aləmini hədələyərək Romanı ələ keçirəcəklərini bəyan edir, qətlin məkanı kimi Aralıq dənizinin sahilini seçmələrini də ''Romanın cənubundan'' ''xaçpərəstlərə qanla yazılmış bir mesaj'' kimi qələmə verirlər (3). Mesajın göndərildiyi məkan kimi Aralıq dənizinin sahili seçilməsi də rəmzi məna daşıyır, çünki bu region xristian və islam dünyalarının sərhədi və həm də əsas konflikt zonası hesab olunur (4).

Sözügedən kütləvi qətl Vatikanda da bütün xristianlara qarşı yönəlmiş cinayət kimi qəbul edildi. Papa Fransisk hadisə ilə bağlı çıxışında bu mesajı çatdırdı: "Onların (yəni öldürülənlərin) katolik, ortodoksal, kopt, yaxud protestant olmasının fərqi yoxdur. Onlar xristiandırlar!'' Fransisk ''Xristosun işığının qaranlığın hökm sürdüyü məkanlara çatdırılması üçün'' bütün xristianları birləşməyə çağırıb (5).

Burada bir məqamı nəzərə almaq lazımdır ki, bütün xristianlara müharibə elan etmək, faktiki olaraq bütün xristianları özünə qarşı müharibəyə səsləməkdir. Buradan belə bir sual meydana çıxır ki, əhalisi əsasən müsəlmanlardan ibarət olan Suriya və İraqın ərazisini işğal etməyə çalışan, bu səbəbdən yerli hökumətlərin və müsəlman əhalinin əsas qisminin, habelə, bölgədə yaşayan kürdlərin güclü silahlı müqaviməti ilə üzləşən İŞİD-ə dünya xristianlarını da özünə qarşı qaldırıb, qüvvələr balansını öz zərərinə dəyişmək nə üçün lazımdır? Bəlkə, İŞİD rəhbərliyi güman edir ki, ona qarşı döyüşə xristianların aktiv cəlb olunması bölgə və dünya müsəlmanlarının İŞİD-ə daha çox dəstək verməsinə səbəb olacaq və terrorçu təşkilatın sıraları daha sürətlə genişlənəcək? İŞİD-in xristianları hədəf alması, Pakistanda talibançıların kilsələrə hücumu və bu yaxınlarda Fransada xristian qəbirlərinin dağıdılması arasında əlaqə varmı? İstənilən halda, belə bir təsəvvür yaranır ki, İŞİD-in xristianlara qarşı nümayişkaranə cinayətləri beynəlxalq miqyasda dinlərarası qarşıdurma yaratmağa yönəlib.

Bəs xristian aləminin İŞİD-in əməllərinə reaksiyası nədən ibarətdir? Müsəlman aləminə İŞİD-in heç də islamı təmsil etmədiyi, əksər müsəlmanların dünyagörüşünün İŞİD-in təbliğ etdiyi terrorçuluq ideologiyası ilə uzlaşmadığı yaxşı bəllidir. Lakin qeyri-müsəlman aləmində İŞİD-ə yanaşmada aydın şəkildə fikir ayrılığı müşahidə olunur. İnsanların bir qismi İŞİD və digər ''islamçı'' terrorçu qruplaşmaların əməllərinin islamı və dünyadakı 1,8 milyarda yaxın müsəlmanı təmsil etmədiyini anlayırlar, aparıcı Qərb dövlətlərinin rəhbərləri də bu fikri daim səsləndirirlər. Lakin terror aksiyalarının tez-tez özünü ''islamçı'' adlandıran qruplaşmaların adları altında törədilməsi nəticəsində ''terrorçu'' və ''müsəlman'' anlayışlarının eyni tutulması, eləcə də, islamofobiyanın güclənməsi özünü getdikcə daha qabarıq göstərir. Bu təhlükəli meyl azlıq təşkil etdikləri ölkələrdə müsəlmanların təhlükəsizliklərini böyük şübhə altında qoyur. 2014-cü ilin dekabrında Sidneydə bir qrup insanın girov götürülməsi, bu ilin yanvar ayında Fransada ''Charlie Hebdo'' nəşrinin binasına edilən hücum Qərb ölkələrində terrorçularla heç bir əlaqəsi olmayan, onların ideologiyasını paylaşmayan sıravi müsəlmanların hədələrə, mənəvi və fiziki zorakılıqlara məruz qalma hallarını artırıb.

''Cihad''a qarşı ''müqəddəs müharibə''?

Qərb cəmiyyətlərində İŞİD-in əməllərinə reaksiya həm də daha fərqli və yeni bir tendensiyanın meydana çıxması şəklində də özünü göstərir. Belə ki, Qərb dövlətlərindən könüllülərin İŞİD-ə qarşı döyüşmək üçün İraq və Suriya ərazisinə gəlməsi barədə məlumatlar yayılır. Başlanğıcda əsasən, kürd hərbi birləşmələrin tərkibinə qatılan xaricilər son zamanlar yerli xristian dəstələrinə maraq göstərirlər.

Bölgədə, xüsusən də Suriya və İraq ərazisində bir neçə xristian hərbi birləşməsinin mövcud olduğu bildirilir. ABŞ-dan olan keçmiş hərbçilərin İraqdakı assur dilində ''özünü qurban verənlər'' anlamını daşıyan ''Dvex Navşa'' adlı yerli xristian hərbi qruplaşmasının tərkibində İŞİD-ə qarşı döyüşməsi və təlim keçməsi faktları məlumdur. Yerli assurlar əsas etibarilə yaşadıqları bölgələrin müdafiəsini təmin etməyə çalışırlar, xristian olmaları isə kənar dəstək qazanmaları üçün əlverişli faktor rolunu oynaya bilər. Həqiqətən də, assur hərbi qruplaşmalarına qoşulan qərblilərin bir qismi mühafizəkar xristian əqidəli şəxslərdir. Hətta belə şəxslərdən biri Bret ləqəbli amerikalı döyüşçü özünü ''səlibçi'' adlandırır. Belə dəstələrə qoşulanların bir qismi isə mülki həyatda özlərinə yer tapa bilməyənlərdir (6).

Xristian döyüşçülərdən ibarət qruplar İraqın əsasən xristianlar və kürdlər yaşayan şəhər və qəsəbələrində cəmləşiblər. Beləliklə, qəribə bir durum yaranır. Bir tərəfdən, dünyanın dörd bir yanından radikal islamçılar bölgəyə İŞİD sıralarına qatılmağa gəlir, digər tərəfdən İŞİD-lə mübarizə aparmaq üçün Qərb ölkələrindən xristian könüllülər tədricən artan templə bölgəyə gələrək yaradılmış silahlı birləşmələrə qoşulurlar. Nəticədə, islamı təmsil etdiyini iddia edən beynəlxalq heyətlə xristianlığı təmsil və müdafiə etdiyini bildirən başqa bir beynəlxalq heyət (hələlik sayca birincidən xeyli az olsa da) qarşı-qarşıya dayanır. Hər iki cəbhədə də əksəriyyət din uğrunda müharibə apardığını düşünür, tərəflərdən biri onu ''cihad'', digəri ''müqəddəs müharibə'' adlandırır.

Əlbəttə ki, belə vəziyyət təkcə Yaxın Şərq bölgəsi üçün deyil, çoxsaylı xristian və müsəlman icmaları olan digər dövlətlərin daxili təhlükəsizliyi üçün də hədələr yarada bilər.

Terrorçu təşkilatlar heç bir sivilizasiyanı təmsil etmir

İllərlə davam edən beynəlxalq mübarizəyə baxmayaraq, İŞİD, ''Boko haram'', ''Taliban'' və digər ekstremist qrupların timsalında terrorizmin daha da yayılmasına və terror aksiyalarının intensivliyinin və miqyasının artmasına Qərb siyasi elmində iki əsas yanaşma ortaya qoyulur. Bunlardan biri terrorizm probleminin ''islam və müasir qərb sivilizasiyalarının toqquşması'' kimi qələmə verilməsidir. Məsələn, Corc Fridmanın fikrincə, son onilliklərdə Avropa ölkələrinə müsəlmanların cəmiyyətə inteqrasiya üçün deyil, qazanc üçün gəlməsi səbəbindən multikulturalizm ideyası reallıqda müsəlmanların qərb cəmiyyətlərindən özünütəcridi ilə nəticələnib. Ekstremist ideyaların islamın özündən qaynaqlandığını iddia edən analitikin fikrincə, Avropadakı radikal islamla mübarizə aparmaq ideyası absurddur, çünki insanların fikirlərini oxumaq, radikal islamçını radikal olmayandan ayırd etmək mümkün deyil. Öz məqaləsində Fridman Avropa üçün iki seçimin qaldığına işarə edir: ya mövcud vəziyyətlə və terror aksiyalarının avropalıların həyatlarına törətdiyi təhlükələrlə barışmaq, ya da radikalı, radikal olmayandan ayırd etmək mümkün olanadək bütün müsəlmanlara qarşı müvafiq tədbirlər görmək (4).

"Stratfor” kimi nüfuzlu analitik mərkəzin rəhbərinin bu cür fikirlər irəli sürməsi kifayət qədər narahatlıq doğuran məqamdır və bu cür çağırışlar ayrı-ayrı ölkələrdə siyasi kursu müəyyən edən şəxsləri təhlükəli və zərərli qərarlara sövq edə bilər. Nəzərə almaq lazımdır ki, Avropada radikalizmin güclənməsi terrorçu qruplaşmaların Yaxın Şərqdə və Şimali Afrika kimi əlverişli regionlarda mövqelərini möhkəmləndirməsi ilə əlaqədardır. Bu bölgələrdəki terrorizm ocaqlarının məhv edilməsi ilə onların dünyanın başqa yerlərindəki, yəni daha əlverişsiz mühitdəki uzantıları və təsirləri də zəifləyərək aradan qalxacaqdır.

Terrorizm problemini cəmiyyətin hansı dinə mənsub olmasından asılı olmayaraq ekstremizmlə müasirliyin qarşıdurması kimi görənlər isə bu mübarizədə müasirliyə üstünlük verən islam aləminin də Qərb və xristian dünyası ilə eyni cəbhədə çıxış etməli olduğunu bildirirlər. Siyasi təhlilçi Ceyms Traubun fikrincə, bu, ilk növbədə, İslam sivilizasiyasının özünün daxilində gedən ''müharibədir'', çünki radikal islamçılar modern müsəlman cəmiyyətlərini də başlıca düşmən və hədəf kimi görür, həmin cəmiyyətlərin siyasi, iqtisadi, mənəvi, mədəni əsaslarını dağıtmağa çalışırlar.

Bəllidir ki, əksər müsəlman dövlətləri və cəmiyyətləri müasirlik və inkişaf yolunu seçiblər. Üstəlik, onlar dini ekstremizm və terrorizmlə mübarizədə illərdir ki, Qərb dövlətləri ilə eyni cəbhədə olduqlarını nümayiş etdirirlər. Təkcə Əfqanıstandakı antiterror koalisiyasında əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi 20-yə yaxın dövlətin iştirak etdiyini qeyd etmək kifayətdir. Bu isə o deməkdir ki, nə İŞİD, nə də digər terrorçu təşkilatlar İslam sivilizasiyasını təmsil etmirlər. Əksinə, onların əməlləri bu sivilizasiyanın mənsub olduğu ali dəyərləri məhv etmək və onu digər sivilizasiyalarla qarşı-qarşıya qoymaqdır. Terrorçuların fəaliyyətləri bütün dünyaya qarşı yönəlib, onların özləri də bunu açıq bəyan edirlər. Deməli, bu təhlükənin birdəfəlik aradan qaldırılması üçün də bütün dünya, eləcə də, Qərb və İslam sivilizasiyaları birgə mübarizə aparmalıdır.

Newtimes.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/333215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR