Rusiya-Ukrayna müharibəsində vəziyyət bu tarixdən dəyişəcək

“Hazırda Ukraynanın mövcud vəziyyəti hələ də Kiyevin əleyhinədir. Bu faktı Ukrayna prezidenti Volodimir Zelenski də təsdiq edib. Əsas səbəb, Ukraynanın Rusiyaya nisbətən daha az şəxsi heyət və texnikaya sahib olmasındadır”.

Bu fikirləri Metbuat.az-a siyasi şərçi Kənan Novruzov deyib. O vurğulayıb ki, ABŞ və Avropa İttifaqının Ukraynaya dəstəklə bağlı yekdil və qəti qərara malik olmaması da Kiyevi çətin vəziyyətə salır.

“ABŞ Ukraynadakı müharibəyə maraqları kontekstində yanaşır. Ukraynanın nə dövlət, nə də Zelenskinin prezident kimi taleyi ABŞ-ni maraqlandırmır. Bu vəziyyət Rusiyanın da xeyrinə deyil. Amma psixoloji üstünlük yaradır.

Qeyd edim ki, Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov aprelin 22-də BBC-yə müsahibəsində bildirib ki, Ukrayna mayın ortalarından başlayaraq yaxın gələcəkdə cəbhədə "çətin", lakin "fəlakətli olmayan" vəziyyətlə üzləşəcək.

Məsələ ondadır ki, havaların qızması qarın əriməsinə səbəb olacaq. Bu tankların hərəkətinə kömək edə bilər. Əgər Rusiya artilleriya ilə hərəkətə keçsə, bu zaman irəliləyişə nail ola bilər. Budanov çox təcrübəli generaldır. Düşünmürəm ki, o belə pessimist açıqlama versin. Əksinə, həmin aylarda Ukrayna tərəfi əks-hücuma başlaya bilər”.

Siyasi şərhçi bildirib ki, əks-hücumun nəticəsinin nə olacağı bəlli olmasa da, Rusiya buna ciddi formada hazırlaşır. Ekspert qeyd edib ki, yaxın zamanlarda Rusiya-Ukrayna müharibəsində çox ciddi hadisələrin şahidi ola bilərik.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı