Bakıda arvadını ölümlə təhdid edən Türkiyə vətəndaşı tutuldu

Bakıda arvadını ölümlə təhdid edən Türkiyə vətəndaşı tutuldu
14:54 7 Aprel 2015
53 Ölkə
Ölkə mətbuatı
A- A+

"Məni gec-tez öldürəcək"

Bir neçə gün əvvəl Bakıda keçmiş həyat yoldaşını bıçaqlayan Türkiyə vətəndaşı bu gün polis tərəfindən saxlanılıb. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, martın 26-da saat 22 radələrində Vəfa Nəbiyevanı bıçaqlayan keçmiş həyat yoldaşı, Türkiyə vətəndaşı, 33 yaşlı Abasıkeleş Nevzat Hacıibrahim oğlu tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 221.2.3-cü (xuliqanlıq) maddəsi ilə iş başlanılıb.

 

Qeyd edək ki, martın 30-da V.Nəbiyeva başına gələnlərlə bağlı musavat.com-a müraciət edib. O, keçmiş həyat yoldaşı tərəfindən təhdid olunduğunu, qorxu içində yaşadığını və təhlükəsizliyinin təmin edilməsini istəyib: “Mən 2009-cu ildə Türkiyə vətəndaşı olan Nevzat Abasıkeleşlə Bakıda rəsmi şəkildə ailə həyatı qurdum. Bir qədər sonra biz Türkiyəyə köçdük. Orada bir oğlum dünyaya gəldi. Türkiyədə yaşadığımız müddətdə Nevzatın təhlükəli həyat tərzi keçirdiyini müşahidə etdim və ondan ayrılaraq Bakıya gəlməyə qərar verdim. 2012-ci ildə övladımla birlikdə Bakıya dönmək istədikdə, Nevzat buna imkan verməməyə çalışdı. Tələb etdi ki, uşağı qoyum gedim. Daha sonra mən Bakıdakı evimin söküldüyünü, kompensasiya almaq üçün sənədlərə imza atmalı olduğumu, bundan sonra yenidən Türkiyəyə qayıdacağımı bildirirək Azərbaycana gəldim. Bura gəldikdən sonra aidiyyəti qurumlara müraciət edərək, onunla nikahımızı pozdum. Bundan sonra – 2013-cü ildə Nevzat Bakıya gəlib məni tapdı və evimdə olarkən mənə hücum çəkdi. O zaman 102 xidmətinə zəng etdim, onun məni öldürməklə hədələdiyini bildirdim. Bundan sonra Nevzat qayıdıb Türkiyəyə getdi. 2014-cü ilin dekabrında yenidən Azərbaycana qayıtdı və məndən tələb etdi ki, ona öz evimdə oturum verim, burada yaşamaq istəyir. Mən də dedim ki, biz rəsmən boşanmışıq, bu ola bilməz. Onun Türkiyədə xoşagəlməz əməllərlə məşğul olduğunu bildiyimdən anlayırdım ki, burada bir növ gizlənmək istəyir. Ona burada mənim evimə qeydiyyata düşməklə oturum almasına razı olmadım. Bildirdim ki, biz ayrılmışıq, məndən əl çəksin. O isə məni öldürməklə hədələməyə başladı, yenə də polisə şikayət etdim, çıxıb getdi. 2015-ci il martın 25-də Nevzat yenidən mənim yaşadığım hücum çəkdi. Mən səhər evdən işə gedərkən tutub məni küçədə döyməyə çalışdı. Dərhal 102-yə və sahə müvəkkilinə məlumat verdim və maşınıma oturub qaçdım. Martın 26-da isə o, mənim Xətai rayonundakı iş yerimə gələrək, bayıra çıxmağımı tələb etdi. İçəri girib dava salmaması üçün bayıra çıxdım. Mənə zor tətbiq edərək, maşına oturmağımı və gedim ərazi üzrə Miqrasiya Şöbəsində oturum üçün razılıq verməyimi tələb etdi. Miqrasiya Şöbəsinə daxil olan kimi, oradakı polislərə zora məruz qaldığımı bilirdim və dərhal da 102-yə zəng etdim. Polislər Nevzatı 37-ci polis bölməsinə apardılar, bildirdilər ki, barəsində müvafiq tədbir görüləcək. Axşam saat 9 radələrində işdən çıxarkən maşınıma əyləşmək istəyəndə Nevzat yaxınlıqda dayanan “Mercedes” markalı maşından düşərək mənə hücum çəkib vəhşicəsinə döyməyə başladı. Yaxınlıqdan keçən bir şəxs və iş yoldaşlarımdan biri onu sakitləşdirməyə çalışanda cibindən bıçaq çıxararaq mənə və onlara bıçaq atmağa başladı. Onun əlindən qurtularaq maşına doğru qaçdım, 102-yə zəng etdim. Avtomobilə əyləşib qaçarkən qapını örtməyimə imkan vermədi və bıçaqla üz, bədən nahiyəmə xəsarətlər yetirməyə başladı. Mənə bıçaqla ağır xəsarətlər yetirdikdən az sonra polislər gəldi və onu zərərsizləşdirdilər. Məni isə qan içərisində klinikaya apardılar. Klinikada dodaq və çənə nahiyəmə ağır bıçaq xəsarəti yetirildiyini, alt dodağımın bıçaqla ikiyə bölündüyü güzgüdə görəndə bayıldım. Daha sonra bildim ki, qulağıma da bıçaq vurub, qulaq seyvanı ikiyə bölünüb, tikiş qoyub birləşdiriblər. Mən ayılanda artıq palatada idim. Üz nahiyəmə, bədənimə çoxsaylı xəsarətlər yetirilib”.

 

V.Nəbiyeva xahiş edib ki, N.Abasıkeleş barəsində ən ağır cəza tətbiq edilsin: “Mən dövlətimə inanıram və əminəm ki, bu şəxs layiqli cəzasını alacaq. Məni özümün, anamın və oğlumun təhlükəsizliyi də narahat edir. Onun barəsində hüquqi baxımdan həbs cəzası kəsilməklə yanaşı Azərbaycana girişinin yasaqlanmasını xahiş edirəm. Çünki bu adam kriminal mahiyyətlidir, qisasçıdır və məni öldürməsə əl çəkməyəcəyini deyib. Bu adam Türkiyədə atasına belə bıçaq çəkib. Mənim təhlükəsizliyim üçün zəruri olan addımların atılmasını ölkə rəhbərliyindən xahiş edirəm. Onun ölkəyə girişi əngəllənməsə məni gec-tez öldürəcək”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198497

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR