“Yaxın zamanlarda inkişaf daha da sürətli olacaq” – Vahid Əhmədov

“Son 14 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, qeyri-neft iqtisadiyyatı, sənaye, kənd təsərrüfatı sahələrində ciddi artım qeydə alınıb”.

Metbuat.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.

Ölkə başçısı qeyd edib ki, əsas məqsəd dövlətin qüdrətinin artırılması və müstəqilliyin möhkəmləndirilməsidir: “Son 14 ildə ölkədə 30 elektrik stansiyası tikilib. Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevrilib. Ölkə üzrə qazlaşdırma 93 faizə çatıb. İçməli su və kanalizasiya problemləri uğurla həll olunub. Kənd təsərrüfatının inkişafı üçün tədbirlər görülüb. Dörd su anbarı tikilib, 12 min 300 km yol çəkilib. Bu il bu rəqəm 15 min km-ə çatdırılacaq. Bundan əlavə, ölkədə 7 aeroport, Ələt Dəniz Ticarət Limanı, gəmiqayırma zavodu inşa olunub. Son 14 ildə valyuta ehtiyatlarımız 23 dəfə artaraq 42 milyard dollara çatıb. Bütün bunlar ölkəmizə siyasi, iqtisadi müstəqillik verib”.


Prezident bildirib ki, Azərbaycanda icra olunan nəqliyyat və energetika layihələri ölkəmizin uzunmüddətli və uğurlu inkişafını şərtləndirir: “Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində son illərdə həyata keçirilən ən önəmli layihədir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri böyük əhəmiyyət kəsb edir. Bütün bu layihələr ölkəmizin uzunmüddətli inkişafına şərait yaradıb”. Prezident əlavə edib ki, son 14 il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub.

Millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Metbuat.az-a açıqlamasında bildirib ki, son dövrlər aparılan islahatlar onu göstərir ki, Azərbaycan dövləti düzgün siyasət aparır: “Azərbaycan prezidenti İlham Əliyev 2016-cı ilin dekabrında Strateji Yol Xəritəsinin imzalayıb və buna uyğun olaraq da islahatlar həyata keçirilir. Son dövrlərdə Azərbaycana kifayət qədər investisiya qoyulub. Cənab prezidentin də qeyd etdiyi kimi bu məbləğ 230 milyard dollardan çoxdur. O cümlədən Azərbaycanda iqtisadi artım ilbəil artır nə qədər çətin olsa da. Ən ağır illərdən biri 2017-ci il oldu, çünki neftin qiyməti çox da yüksək olmadı, iqtisadi islahatlara start verilib.

Bütün proqnozlar da onu göstərir ki, yaxın illərdə Azərbaycan ümumi daxili məhsulda artım olacaq. Hazırda Azərbaycanda əsas fikir qeyri-neft sektorunun, sənaye, kənd təsərrüfatı, turizmin inkişafına yönəldilib. Bu sahədə də artımlar hiss olunmaqdadır. Yəni yeni, beynəlxalq layihələr həyata keçirilir, TANAP, TAP layihəsidir, Bakı-Tbilis-Qars dəmir yolu layihəsidir ki, bu layihə 2017-ci ildə istifadəyə verildi. Azərbaycan hazırda nəqliyyat sahəsində faktiki olaraq mərkəzə çevrilib, Avropa və Asiyanı birləşdirən dəmir yolu layihəsini çəkib. Ölkəmizdə çox ciddi layihələr həyata keçirilir. Azərbaycanın daxilində sənaye parkları, sənaye məhəllələri tikilib istifadəyə verilir. Yeganə problemimiz bank sistemindədir, onun da sağlamlaşdırılması üçün müəyyən addımlar atılır. Cənab prezidentin də dediyi kimi, Azərbaycan uğurla inkişaf etməyə davam edir. Yaxın zamanlarda inkişaf daha da sürətli olacaq. Neftin qiyməti indiki kimi 65-70 dollar səviyyəsində qalsa, Azərbaycanda ildə təxminən 2-3% iqtisadi inkişaf olacaq”.

Günay Elşadqızı / METBUAT.AZ

“Aparılan islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir” – Prezident İlham Əliyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı