"Bu, çox ciddi rəqəmdir" - Vahid Əhmədov

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə (MM) əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib.

Bununla bağlı prezident İlham Əliyev tərəfindən Milli Məclisə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi təqdim edilib.

Qanun layihəsi ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, 2006-cı ilə qədər kimin sosial sığorta borcu varsa, onlar birdəfəlik silinəcək: “2015-ci ilin yanvarın 1-nə qədər sosial sığorta ilə bağlı olan cərimələr, sanksiyalar varsa, onlar da silinəcək. Amma 2018-ci ilə qədər olan sosial sığorta borclarının aprel-may aylarında 10%-ni ödəyirsənsə, 90%-i silinir, aprel-iyul ayları ərzində 30%-ni ödəyirsənsə, 70%-i silinir, aprel-sentyabr ayları ərzində ödəyirsənsə, 50%-i silinir. 2018-ci ilin sonunda ödəyirsənsə, 10%-i silinir, 90%-i qalır. Yəni bu həvəsləndirici qanundur”.

Millət vəkili bildirib ki, bu qanun çox böyük əhəmiyyət kəsb edir: “Bunu sığorta amnistiyası hesab edirəm. Çünki bildiyiniz kimi, orada vergilərin məbləği böyükdür və böyük sığorta şirkətlərinin borcları çoxdur. Ona görə də müəyyən problemlər yaranır, ödəməmək üçün ikili hesabat edirlər, işləyənlərin sayını düzgün vermirlər, vergidən yayınırlar. Bu sığorta amnistiyası isə işə götürənlərə çox böyük xeyir verəcək, yəni onlar ödəmədikləri sığorta məbləğindən dediyim qaydada azad olunacaqlar”.

Vahid Əhmədovun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 3 milyard manatdır: “1 yanvar 2018-ci ilə görə silinəcək məbləğin miqdarı 364 milyon manatdır. Onun 282 milyon manatı əsas məbləğdir, 82 milyonu isə sanksiyalardır. Bu isə çox ciddi rəqəmdir”.

Günay Elşadqızı / METBUAT.AZ

Prezidentdən əhalini sevindirən təklif - Bu borclar silinəcək

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI