“Düşünürəm ki, bu, növbəti dəfə özünü sığortalamaq cəhdidir” – Rufiz Qonaqov

Milli Şura aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisinə etiraz olaraq, birgə mitinqlərin təşkil olunması təşəbbüsü ilə Müsavat Partiyasına və REAL hərəkatına müraciət edib.

Metbuat.az xəbər verir ki, Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, martın ilk 10 günlüyündə mitinqlərin keçirilməsi ilə bağlı konkret qərar verəcəklər. Ancaq hələ ki, Müsavat Partiyasına və REAL hərəkatı müraciətə cavab verməyib.

Onların müraciətinin məqsədi ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Rufiz Qonaqov deyir ki, çox təəssüf ki, Azərbaycanda özünü müxalifət adlandıran bir qrup, məğlub olacağını əvvəlcədən görərək prezident seçkilərinə qatılmayıb: “Əfsuslar olsun ki, qatılmamaqdan əlavə, eyni zamanda cürbəcür formalarda bəyənatlar səsləndirirlər. Onların hər hansı bir əsasının olmasını düşünmürəm. Ona görə ki, həmin o özünü müxalifət sayan qüvvələrin gücü var idisə, onda prezident seçkilərində iştirak edərdilər. Onlar müxtəlif bəhanələrlə hər dəfə həm parlament, həm də prezident seçkilərindən yayınırlar. Indi də düşünürlər ki, mitinqlər, aksiyalar keçirsinlər. Onlar seçkilərdən əvvəl də bu cür aksiyalar keçiriblər.

Bilirsiniz ki, onların aksiyasına cəmi 1000 nəfərə yaxın adam toplaşır. Onu da nəzərə alaq ki, təhlükəsizlik qüvvələri orada iştirak edir ki, asayiş qorunsun, eyni zamanda mitinq iştirakçılarının təhlükəsizliyi təmin edilsin. Yəni ümumilikdə götürəndə 1000 adam iştirak edir. Onların aksiya keçirməsinə dövlət heç zaman maneə yaratmayıb. Azərbaycan demokratik ölkədir, ölkəmizdə hər cür azadlıqlar var, o cümlədən də toplaşmaq azadlığı. Əlbəttə ki, hər bir siyasi partiyanın, təşkilatın, eyni zamanda özünü siyasətçi sayan hər hansı bir şəxsin bu gün ölkəmizdə mitinq, küçə yürüşü, aksiya keçirmək hüququ var. Amma buna ümumxalq mitinqi demək olmaz. Düşünürəm ki, bunlar pafoslu çıxışlardır, növbəti dəfə özünü sığortalamaq cəhdidir ki, heç olmasa üzvləri, tərəfdarları, yaxınları olan bir neçə nəfər onların ətrafında qala bilsin. Eyni zamanda təbii ki, bu, onların xaricdən aldıqları tapşırıq, təlimat da ola bilər. Onlar da çalışırlar özlərini göstərsinlər ki, biz, bu tapşırığı yerinə yetirməyə çalışırıq”.

Günay Elşadqızı / METBUAT.AZ

“Siyasi məsləhətləşmə praktikası hər iki tərəfin maraqlarına cavab verir” - Aydın Mirzəzadə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı