Bakı Ağır Cinayətlər Məhkəməsində Yeni il bayramında paytaxtda bomba partlayışı olacağı barədə yalan məlumat verməkdə təqsirləndirilən 25 yaşlı Elmar Qasımova hökm oxunub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə E.Qasımovun psixi xəstəlikdən əziyyət çəkdiyi qənaətinə gəlinib və o, müalicə olunması üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.
İttihama görə, yanvarın 2-də saat 21.40 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki mehmanxanalardan birinə bomba qoyulması barədə məlumat verib.
Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bomba qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini, 24 yaşlı Elmar Qasımov müəyyən edilərək saxlanılıb.
Milli.Az