“ABŞ ordusunun yaxın zamanlarda Suriyadan çıxması məsələsi inandırıcı deyil” – Elçin Mirzəbəyli

Suriya Dövlət Televiziyası Xüms şəhərində Əsəd rejiminə aid “Tiyas Hərbi Hava Bazası”na raket hücumu baş verdiyini bildirib.

Metbuat.az-ın məlumatına görə, Suriya hərbi mənbələri ölü və yaralıların olduğunu bildirib. Digər tərəfdən Donald Tramp Suriyada baş verən və 78 nəfərin həyatını itirməsinə səbəb olan kimyəvi hücumdan sonra sərt bəyanatlar verib. Tramp açıqlamasında Bəşər Əsədin ödəyəcəyi əvəzin böyük olacağını deyərək, hədə- qorxu gəlib.

Şərqi Qutanın Duma zonasından gələn iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib, amma yardım təşkilatları hökuməti ən az 70 nəfərin ölümünə yol açmaqla günahlandırıb.

Bu hadisə ABŞ-ın ordusunu Suriyadan çıxaracağını açıqladığı ərəfədə baş verib. Prezident Donald Tramp bildirib ki, ABŞ qoşunlarını Suriyadan çıxarmaq və Amerika hərbçilərini vətənə göndərmək niyyətindədir: “Biz, İŞİD-lə mübarizədə böyük uğura nail olduq və mən qoşunları (Suriyadan) çıxarmaq, hərbçiləri evə qaytarmaq istəyirəm”. Əsəd isə bu məsələdə ABŞ-ı günahlandırır.

Digər tərəfdən, Fransa və Rusiya Suriyadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını xahiş edib.

İndiki halda Suriyada hansı proseslər baş verir və kimyəvi silahdan istifadənin günahkarları kimlərdir?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, bu məsələdə əvvəlcə daha öncəki proseslərə nəzər salmaq lazımdır: “Xüsusilə də Ankarada keçirilən Ərdoğan, Ruhani və Putin görüşünün nəticələrinə baxmaq gərəklidir. Bu görüşün nəticələri və əldə olunan qərarlar bildiyimiz kimi, nə ABŞ-ı, nə də digərlərini qane edir. İndiki şəraitdə ABŞ ordusunun Suriyadan çıxması məsələsi gündəmə gəlir, amma bu, inandırıcı deyil. Qısa müddət ərzində Vaşinqtonun Suriyadan çıxması gözlənilmir.

Kimyəvi silahın təsdiqinə gəldikdə isə, bildiyiniz kimi, Suriyada vəziyyət elə bir hədd gəlib çatıb ki, bu silahların kimin əlinə keçdiyi barədə öncədən fikir söyləmək çox çətindir. Çünki bildiyiniz kimi, terror qrupları da ayrı-ayrı silahlara sahibdilər. O cümlədən PKK və Suriya qolu olan YPG də bu silahlara sahibdilər. Ola bilsin Amerika Birləşmiş Ştatlarının Suriyadan çıxmasını arzulamayan qüvvələr, xüsusilə də PKK terror təşkilatı bu silahdan istifəyə əl atsın ki, ABŞ-ın Suriyada qalmağına əlavə bahənə yaratsın.

Yaxud Birləşmiş Ştatların oradakı təmsilçilərinin Suriyadakı prosesdə daha qabarıq şəkildə iştirak etməsi üçün bir addım kimi də dəyərləndirmək olar. Indiki halda ancaq ehtimalları irəli sürmək mümkündür, çünki konkret fikir söyləmək çətindir. Amma dediyim ki, Amerika Birləşmiş Ştatlarının yaxın zamanlarda Suriyanı tərk edəcəyinə inanmıram”.

Günay Elşadqızı / METBUAT.AZ

“Ayrılan ianələr yenə də Serj Sarkisyanın əlində olacaq” – Tahir Kərimli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI