Play Store

Ofisiant necə "Zirə"nin kapitanı oldu? - İNANILMAZ TƏSADÜF

Ofisiant necə "Zirə"nin kapitanı oldu? - İNANILMAZ TƏSADÜF
16:03 10 Aprel 2018
202 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqanın 22-ci turunda 200-cü oyununu keçirən “Zirə”nin kapitanı Anar Nəzirov futbola necə gəldiyini açıqlayıb.

Publika.az xəbər verir ki, futbolçu bu barədə Peşəkar Futbol Liqasının rəsmi feysbuk səhifəsinə danışıb:

“2004-cü ilin iyun ayı idi. “Gəncə” Şahin Diniyevin rəhbərliyi altında Qaxa təlim-məşq toplanışına gəlmişdi. O vaxt stadion bizə yaxın idi, bütün kənd uşaqları kimi biz də gedib orda top dalınca qaçırdıq.

Adi günlərdən biri idi, işlədiyim kafedə idim. Dostum zəng etdi ki, “Gəncə” Qaxda məşq edir, gedək onların məşqinə baxaq, sonra özümüz məşq edərik. Həmin gün “Gəncə” ikitərəfli oyun oynadı. Bilmirəm, nə sirri-xudadır, həmin gün “Gəncə”nin qapıçısı Tariyel hansısa problemlə bağlı şəhərə qayıdası olmuşdu. Deyəsən, pasportunu yeniləmək üçün getmişdi. İkitərəfli oyun vaxtı, “Gəncə”nin qapıçı-məşqçisi çərçivəyə keçəsi oldu. Bu vaxt kimsə Şahin müəllimə dedi ki, kənarda bir uşaq var, boyu-buxunu pis deyil, bəlkə onu qapıya qoyaq? Mən də uşaqlarla oynayanda qapıda durmuşdum, az-çox top tuta bilirdim.

Şahin müəllim məni işarə ilə çağırdı, dedi “neçə yaşın var”. Dedim 19. İndiki kimi yadımdadır, Şahin müəllim qayıtdı ki, 19 yoxsa, 29. Cavabımı təkraralayıb qapıya keçdim. Allah mənə güc verdi, hər şey yaxşı qurtardı. Yeni mühit, heç kimi tanımıram, heç kimlə münasibətim yoxdur. Oyun bitdi, mən də üst-başımı çırpıb təmizlədim, yola düzəldim. Birdən dedilər ki, məşqçi səni çağırır. Şahin Diniyev məndən soruşdu ki, “futbolçu olmaq istəyirsən”? Həyatım gözümün qabağına gəldi, kafedə işləyən, aya 12 “şirvan” qazanan bir adam üçün yeni həyat başlaya bilərdi. “Hə” dedim və “Kəpəz”in məşqlərinə qoşuldum. İlham Yadullayev, Xaliq Mərdanov, Vidadi Rzayev, Azər Məmmədov kimi təcrübəlilər mənə dəstək oldular.

Budəfəki məşq mənim üçün sonuncu ola bilərdi. Çünki komanda Gəncəyə qayıdırdı və Diniyev mənə heç nə deməmişdi. Elə bildim ki, bəyənməyib və səssiz-səmirsiz çıxıb gedəcəklər, mən də köhnə həyatıma dönəcəm. Çox pis olmuşdum. Birdən bir səs məni yuxudan ayıltdı. Əlövsət müəllim qaça-qaça gəldi ki, “a kişi hardasan, Şahin müəllim səni yuxarıda, yaşıl parkda gözləyir”. Bir neçə dəqiqədən sonra Şahin müəllimin yanında idim. Sonrakı sözlər isə həyatımı dəyişdi. 2 illik müqavilə, maaş, Premyer Liqa... Bütün bunlar mənim üçün möhtəşəm təsadüflər idi. Allah həmin gün mənim üçün hər şeyin ən yaxşısnı etmişdi. “Gəncə”də ilk maaşım 50 dollar oldu. Etiraf edim ki, dolları birinci dəfə idi görürdüm”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/237077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR