50 yaşlı kişinin nazı - Sevməyi bacarmayanlar

Sevginin sözlə ifadəsi mümkünsüz kimi görünsə də, onunla bağlı əsrlərdir ki, şeirlər, romanlar yazılır, musiqilər bəstələnir, əfsanələr dildən-dilə dolaşır. Ancaq sevməyən kəs nə həmin musiqini anlayır, nə də ki, şeirdən başı çıxır. Lap bizim ölkənin əksər kişiləri kimi.

Açığı deyim, mən şeir sevən, ancaq şair olmayan çox az kişiyə rast gəlmişəm. Bizdə adətən təkcə şairlər şeiri sevir, yazıçılar sevə bilir. Bu isə ölkənin heç 2%-i belə etmir.

Niyəsə bu ölkədə qadınlar kişilərdən daha çox sevir, daha az sevilir.

Səbəbi isə çox sadədir. Çünki bizdə qadın sevməyi bilir və gözəl də bacarır. Sadəcə bircə səhvi var. Sevdiyi insanı ilahiləşdirir. Hətta göydə Allahın olduğuna şübhə etsə belə, yerdə sevdiyi insanı Tanrı sanır. Umudunu, gələcəyini və ola biləcək bütün möcüzələri ona bağlayır, ondan gözləyir. Tək onun üçün yaşayır.

Bizdə qadın sevəndə ailəsi ilə belə düşman olmağa razılaşır. Sevdiyinə görə evdən qaçır, onu böyüdən, boya-başa çatdıran valideynlərini düşünmədən silir. Amma bir dəfə eşitmədik ki, kişi sevdiyi qadına görə "evdən qaçsın"... Mən bir dəfə də sevdiyi qadına görə ailəsi ilə düşmən olan kişi görmədim.

Qadın sevdiyi kişi üçün 24 saat hazırdı. Nə vaxt zəng vursa, oyaqdır, nə vaxt lazım olsa, görüşə hazırdır. Onun üçün həmişə gümrah və gözəldir.

Bizdə qadın sevəndə özündən çox onun qayğısına qalır. Onu daha çox düşünür.

Kişilərimiz qadın qayğısına, diqqətinə o qədər alışıb ki, sanki yerlərimiz dəyişib. Qadın ilk addımı atır, ilk zəngi edir, ilk barışır. Haqlı olanda da ilk üzrü istəyir. Söyülsə də, döyülsə də bağışlayır. Sanki susmaq da sevgisinin bir hissəsidi. Susmaqla sevgisini sübut etmək istəyir. Heyf ki, kişilər bunu tam fərqli başa düşür. Qadın susursa demək ki, hər şey yaxşıdır. Və bir gün dözməyib səsini çıxardanda, kişi münasibətləri xilas etmək yerinə, onu tərk edir. Bu zamana kimi ona bağışlananları, yaşananları, diqqətə, qayğıya bələndiyi illəri və anları unudaraq… Və onu uzaqlaşdıran addımlar o qədər əminliklə atılır ki… Çünki sabah onu sevən başqa birini tapacağını bilir. Elə də olur. Əslində günah yenə qadındadı… Niyəsini deyim.

Sevilmədikcə daha çox sevməyə, daha çox sevsə, bəlkə bir az sevilər deyə çırpınmağa başlayır. Sevgisiz gücsüzləşir. Balıq susuz qalan kimi... Tək qalacağından, yetimləşəcəyindən, heç kim olacağından, boşluğa çevriləcəyindən qorxur. Bəs, bizi bu hala nə saldı?

Müharibə! Bu dünənin və ya bu günün yox, düz 30 ilin problemidir. İllər keçdikcə daha da kəskin hal almağa başlayıb.

90-cı illərin əvvəli hər gün ölüm xəbəri ilə açılırdı. Hər gün bir evə bir atanın, ya da bir övladın ölüm xəbəri gəlirdi.

Vətən uğrunda olsa belə, bir tərəfimiz qürur duysa belə, bir tərəfimiz fəryad edirdi. Bir yandan torpaq, bir yandan ər və övlad itkisi, bir yandan isə tək qalmaq qorxusu. Bu qorxu kişilərimizə olan həssazlığımızı şiddətləndirdi. Yerlərimiz dəyişdi. Atəşkəs olsa da, onları yenidən itirmək qorxusu canımızdan çıxmadı. O illərin acısı Azərbaycan qadınında xroniki itirmək qorxusu xəstəliyini yaratdı.

Qıraqdan bizdə qurulan kişi və qadın münasibətlərinə baxanda insana elə gəlir ki, Azərbaycan qadını kişisiz qala bilmir. Mütləq şəkildə həyatının istənilən dönəmində bir kişinin sevgisindən asılı olmalıdır. Bu istər oğlan övladı olsun, istər ər, istərsə də sevgili. Halbuki hamımızı təklik qorxudur. Və bütün ruhumuza hopmuş, hüceyrələrimizə işləmiş bu qorxu heç də xeyrimizə işləmir. Bizə olan sevgini get-gedə azaldır. Sonda isə 50 yaşlı kişinin anasına, qadınına, hətta qızına belə naz etməyinə qədər gətirib çıxarır.

Mələk Heydərova/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı