Aktyor və rejissor Elvin Mirzəyevin Milli.Az-a müsahibəsi

Kiçik səhnənin böyük güvəni

- Yeri hələ də görünən teatrlarımızdan biri olan Bakı Kamera Teatrında baxdığım "Antropos və ya qılaflı adam" tamaşasından sonrakı fəaliyyətinizin müşahidəsi göstərir ki, böyük səhnədə özünüzü daha rahat, daha dolğun ifadə edirsiniz... Ümumiyyətlə, rejissor sənətində və konkret olaraq sizin üçün böyük səhnə və kiçik səhnə bölgüsü varmı?

- Kamera Teatrı son dərəcə gözəl məkan idi. Biz hamımız oranın yetirmələriyik. Əslində böyük və kiçik səhnə fərqi olmamalıdı. Hər hansı əsərə müraciət edəndə və ya müəyyən təklif alanda normal yaradıcı insan məkan, çərçivə haqqında düşünə bilməz. Əlbəttə, əgər belə bir çərçivə yaradıcı yanaşma zamanı tələb olunmursa... Təbii ki, böyük səhnə ilə kiçik səhnə arasında müəyyən fərqlər var. Böyük səhnənin amplitudası böyükdür. Böyük səhnədə əl-qol açmaq daha rahatdı. Yəni bu iki səhnənin özəllikləri var. Və belə də olmalıdır. Kamera teatrında biz özümüzü daha güvənli, daha arxalı hiss edirdiksə, hər an müdafiə oluna biləcəyimizə əmin idiksə böyük səhnədə belə hiss mümkün deyil...

- Burda yalnız özünüz özünüzə güvənə bilərsiniz...

- Bəli. Kamera Teatrı bizim evimiz, emalatxanamız idi. Mən özümü oranın yetirməsi hesab edirəm. Ustadlarımız həmişə bizə arxa-dayaq idilər. Ümumiyyətlə isə mən kamera atmosferini bütün təzahürlərində sevirəm. Yəqin ki, bu Kamera Teatrının yetirməsi olmağımdan irəli gəlir. Kütləvi yaradıcı layihəyə istənilən vaxt üz tutmaq olar. Kamera ab-havası, içdən, asta səslə danışmaq isə kifayət qədər çətindi. Belə səhnədə tamaşaçını aldatmaq mümkün deyil...

Həyatımı bir qadın dəyişdi...

- Musiqini teatrla əvəzləmək necə baş verib? Musiqiçi karyeranızı təsəvvür etmirdiniz?

- Əksinə, özüm də bu karyeranı aydın təsəvvür edirdim, ətrafımdakı insanlar da. Hətta əgər 17-18 yaşım olanda kimsə mənə desəydi ki, sənin gələcəyin teatrla bağlı olacaq, mən o insana gülərdim. Bununla belə vaxtaşırı içimdə belə bir sual baş qaldırırdı: "Mən öz işimlə məşğulammı?" Elə bil nəsə məni narahat edirdi, nəyinsə çatmadığını duyurdum. Qəti çevriliş 19 yaşımda başladı. Müəllimim Həbib Həbibovla şübhələrimi, narahatlıqlarımı bölüşəndə deyirdi ki, buna heç bir əsasım yoxdu, gələcəyin peşəkar musiqiçisi kimi bütün keyfiyyətlərə malikəm. Və yalnız teatr aləminə düşəndə anladım ki, çatmayan nə imiş. Çünki teatr, kino və ya televiziya elə sahələrdir ki, orda birtərəfli olmaq mümkün deyil. 90-cı illərin məlum ab-havası hamı kimi mənə də çox sarsıntılar yaşatdı. Bir müddət restoran ifaçısı kimi çalışdım və anladım ki, ora mənim yerim deyil. Həyatımın 2 ili qara zolaqda keçdi. Yalnız bundan sonra özümü, öz yerimi tapdım. Teatr aləminə gəlməyimdə mağazada kassa növbəsində mənimlə yanaşı dayanmış bir qadının çox böyük rolu oldu. Söhbət əsnasında dedi ki, onda teatra, kinoya aid çox dəyərli kitablar var və onları mənə verə bilər, özü də tamamilə təmənnasız. Bax, o kitabları oxuyandan sonra dünyagörüşüm tamamilə dəyişdi, özümü kəşf etdim, içimdə sanki bir işıq, şam, alov alışdı. Əlbəttə, SSRİ xalq artisti Mehdi Məmmədov nənəmin qardaşı olduğu üçün bu sahə ilə təmasım uşaqlıqdan var idi. Şübhəsiz ki, ailədə teatr anlamının bu dərəcədə yüksək səviyyədə təmsilçisinin varlığı təsirsiz ötüşməmişdi. Onun sənətdəki, cəmiyyətdəki bir sənətkar, ictimai xadim kimi yeri nə qədər müstəsna idisə ailədəki nüfuzu da bir o qədər parlaq idi. Hər birimizin pərəstiş obyekti idi. Bütün uşaqlara, yeniyetmələrə, gənclərə onu nümunə göstərirdilər. Lakin ailədə belə bir amilin olmasına baxmayaraq, mən heç vaxt düşünməmişdim ki, bu sənətin arxasınca gedərəm...

- Yadınızda necə qalıb Mehdi Məmmədov?

- İdeal görünüşlü bir şəxsiyyət kimi. Tələbələri, həmkarları üçün olduğu kimi ailə üzvləri üçün də əlçatmaz insan idi. Elə bir aurası var idi ki, hər kəsin hünəri deyildi onunla daha fərqli ünsiyyətə girmək.

- Ola bilər ki, ailədə Mehdi Məmmədov miqyasında teatr adamının varlığı bu sahəni peşə seçməyi şüuraltınızda saxlayıb...

- Bəli, yəqin ki, onun nüfuzunun təsir gücündən məhz belə olub. Amma ailəmizin bir çox üzvlərinin bu sahədə bacarığı var. Məsələn, kino çəkilişi ilə məşğul olduğum vaxt bibim nəvəsi, gənc bir qız da çəkiliş meydançasında idi. Birdən başladı mənə rejissorluğa aid məsləhətlər verməyə. Halbuki bu sahədə heç bir təhsili yoxdu. O bu məsləhətlərini adi müşahidə qabiliyyəti hesab etsə də, mən yaxşı bilirəm ki, belə yanaşma yalnız müvafiq məktəb görmüş insanlarda ola bilər. Genetik bağlılığa inansaq, görünür ki, bizim ailənin üzvləri belə məktəbi genlərimiz vasitəsilə keçiblər...

- Bəs sizə öz kitablarını bağışlayan o qadınla sonralar daha rastlaşmadınız?

- Yox...

- Siz o xatirəni danışdıqca gözlərimin qarşısında maraqlı bir kino epizodu canlandı. Gələcəkdə hansısa kino layihənizdə ekrana gətirərsiz yəqin...

- Ola bilər... Nə vaxtsa...

İlklər və daha bir opera

- İrəvan Teatrında qoyduğunuz "Min möhtəşəm günəş" tamaşası və Opera Studiyasında quruluş verdiyiniz "Norma" operası son iki teatr mövsümünün ən uğurlu səhnə əsərləri kimi yadda qaldılar. Və bu uğuru həm də hər iki əsərin Azərbaycan səhnəsində ilk dəfə tamaşaya qoyulması amili müşayiət etdi. "Min möhtəşəm günəş" isə hətta ümumiyyətlə rejissor nəfəsini birinci dəfə idi hiss edirdi, yanılmıramsa...

- Bəli, belə demək olar. sadəcə bizimlə təxminən eyni vaxtda o romanı San-Fransisko teatrlarından biri da qoyurdu, amma bir qədər fərqli janrda. Və bu iki quruluşdan başqa "Min möhtəşəm günəş"in səhnə və ya kino versiyası yoxdu. Ümumiyyətlə, hesab olunur ki, Xalid Hüseyni kino üçün tamamilə uyğun, səhnə üçün isə tamamilə narahat müəlliflərdəndi. Bu əsəri və onun müəllifi Xalid Hüseynini çox sevirəm. Hətta hesab edirəm ki, o, bizim dövrün Şekspiridir. Dialoqları, replikaları o dərəcədə dəqiqdir ki, bir kəlməni belə dəyişməyə lüzum qalmır. Bu əsəri tamaşaya qoymaq bütün yaradıcı kollektivə çox böyük zövq verdi. Müəllifin özünün də xəbəri var idi bizim quruluşumuzdan, məşqlər boyunca yazışırdım onunla. Təəssüf ki, iş qrafikinin sıxlığı üzündən premyerada iştirak edə bilmədi. Mən bir çərçivədə özümü görmürəm. Ümumiyyətlə, anlamıram rejissor hər hansı janrda nələrəsə quruluş verməyi bacarmasın. Portfoliomda təkcə opera yox idi, indi şükür ki, o da var.

- İlk dəfə "Əli və Nino", ilk dəfə "Min möhtəşəm günəş" və ilk dəfə "Norma"...

- Məqsəd olaraq belə etməmişəm. Çünki adamın ürəyi bir işə "hə" deməsə, o iş alınan deyil. Hər hansı əsər məni çox maraqlandırmalıdır ki, ona rejissor yozumu verməyə zərurət duyum. Sevmədiyim işi ən böyük ödəniş müqabilində də ərsəyə gətirə bilmərəm. Öz-özümün əleyhinə getdiyimə görə o iş uğursuzluğa düçar olur. Ürəyimcə olan layihə, mövzunu isə təmənnasız da çox uğurla reallaşdıra bilərəm. Bu zaman sanki kainatda hər şey məhz bu cür uğurun tərəfində olur. Mən belə şeylərə çox inanıram...Çünki ömrüm boyu işlərim məhz bu şəkildə baş verib...

Məsələn, "Norma" operasını səhnəmizə gətirmək mənim ideyam deyildi. Opera studiyasında tamaşalar hazırlamaq ənənəsi bir müddət idi ki, dayanmışdı. İndi şükür ki, bu ənənə yenidən qüvvədədir. Məni də bu ildən bura dərs deməyə dəvət ediblər. Solo ifa kafedrasında aktyorluq sənətindən dərs deyirəm. Rejissorluq fəaliyyətimdən xəbərdar olduqları üçün buranın rəhbərliyi "Norma"nı tamaşaya qoymağı mənə həvalə etdi. Demək istəyirəm ki, quruluş verməyi arzuladığım əsərlərdən olmasa da, bunu mənə təklif etdilər və mən də məmnuniyyətlə razılaşdım. Çünki operanın mövzusu həyatı, dünyanı duyma, dərketmə meyarlarıma tam uyğun, içimlə səsləşən, sənətkarlıq baxımından mükəmməlcəsinə qələmə alnmış olduğu üçün ürəklə işə girişdim. Bu operanın, ümumiyyətlə, Vinçenso Bellininin möhtəşəm musiqisi o qədər şöhrət qazanıb ki, bir sıra filmlərdə də istifadə olunur. Bellini Bethovenin də musiqisinə təsir edib, Çaykovskinin də.

- Özünüz seçdiniz partiyaların ifaçılarını?

- Xeyr. Mənim musiqi təhsilim olsa da, opera tamaşasının ifaçılarını yalnız aktyorluq bacarıqlarına görə seçə bilərəm. Bu operadakı bütün əsas partiyalar çox mürəkkəb, vokal baxımından çox çətindi. Yaradıcı heyətin hər bir üzvü ilə işləməkdən böyük zövq aldım. Mənim üçün çox önəmli idi ki, opera artistləri ilə işləmək bacarığım hansı səviyyədə özünü göstərəcək, bu çevrilmə, sınma necə baş verəcək. Çünki opera artistlərinin spesifikası tam fəqrlidir. Dram aktyorunun asanlıqla edə bildiyini opera artisti bacarmaya da bilər. Və yaxud hər hansı mizan onun müəyyən vəziyyətinə uyğun gəlməyə də bilər. Buna görə opera tamaşasının rejissorundan daha artıq səy tələb olunur. Mən onlara maksimal rahatlıq yaratmalıydım ki, arzuolunan nəticə əldə edilsin. Məsələn, do notunu götürəndə artistin mizanı buna uyğun qurulmalıdı. Və belə incəlikləri tamaşaçı hiss etməməlidi. Bunlar yaradıcı prosesin sirləridi.
Opera studiyasında hazırlanacaq növbəti səhnə əsərini isə mən çoxdandır ki, arzulayıram...

- Deməyəcəksiniz hansı əsərdi?...

- Deyə bilərəm - "Faust". Allah qoysa, bu əsərin opera versiyasını hazırlayacam və çoxdankı arzumu reallaşdıracam. Ümumiyyətlə opera janrında özümü sınamaq çoxdankı arzum idi və o arzunun tərkib hisssələrindən biri də məhz "Faust"du...

- Opera tamaşasının tamaşaçısı olmaq istənilən vaxt istənilən kəsin işi deyil. "Norma"nı hazırlayanda hansısa baryer yarmalı olmadınız ki bu mənada?

- Tamaşaçının diqqəti mənim üçün çox vacibdi. Hər tamaşaçı qızıla bərabərdi. Buna görə də təbii ki, hər zaman çalışıram ki, tamaşaçı zalı yarımçıq tərk eləməsin. İndiyə qədər hansısa effektlərlə buna nail olmağa çalışırdım. Son zamanlar isə özümü tamaşaçının yerinə qoyub düşünürəm ki, mən özüm bu quruluşu, bu yozumu sona qədər izləyə bilərəmmi? Vinçenso Bellinidə istədik nəyisə ixtisar edək. Amma lakoniklik elə bir səviyyədədir ki, nəyisə kəssən korlanacaqdı. Bu müəllif haqqında az-çox məlumatı olan insan artıq bilirdi ki, hansı tamaşaya gedir.

- Hansısa beynəlxalq teatr festivalına çıxmaq perspektivi varmı bu tamaşaların? Xüsusən nəzərə alsaq ki, daha öncəki quruluşlarınızla bağlı belə təcrübəniz artıq var...

- Belə bir imkan yaransa, niyə də olmasın? Dünya səhnəsinə çıxmaq üçün promouşen, reklam işi düzgün qurulmalıdır.

"...Mənə lazımdı ki, aktyor... yaxşı mənada xəstələnsin..."

- Hər hansı əsər üzərində hazırlıq prosesi necə baş verir? Hansı özəllikləriniz var?

- Bu mənada təbii ki, öz mətbəxim var. Və o mətbəxdəki nüansları yalnız mən bilirəm. Son illər belə bir vərdişim əmələ gəlib - səhər saat 9-dan günorta 1-ə qədər ancaq öz peşəmlə məşğul oluram, düşüncələrim yalnız buna yönəlmiş olur. Bu saatlar analitik saatlarımdı. Həmin vaxt istənilən qədər ssenari işləyə bilərəm. O ssenariləri toplayıb müəyyən təklifin, tələbatın yetişəcəyini gözləyirəm. Günün daha sonrakı saatları tətbiq dövrüdü. Burda da təbii ki, opera ilə dram tamaşasının və ya kinofilmin xüsusiyyətləri çox fərqlidi. Əlbəttə, tətbiqdən, hər hansı məşqdən əvvəl həmin səhnə əsəri beynimdə canlanır. Bunsuz mümkün deyil. Təbii ki, fərdi yanaşmalarsız ötüşmək olmur. Çünki aktyor canlı, özgün insandı. Məşq və hazırlıq prosesi hər birinin fiziki və psixoloji imkanları nəzərə alınaraq qurulur. Amma istənilən halda mən ümumi truppadan və fərdi olaraq hər bir aktyordan nə istədiyimi yaxşı, dəqiq bilməliyəm...

- Həm "Min möhtəşəm günəş"də, həm də "Norma"da aktyorların hamısı obrazları ilə bir ahəngdə nəfəs alırdılar, potensiallarını açmaqda çətinlik çəkmirdilər.

- Bu mənim üçün ən vacib məqam, ən arzuolunan nailiyyətdi. Heç vaxt istəməmişəm ki, aktyor sadəcə mənim dediyimi icra etsin, mənim üçün önəmlidir ki, aktyor mən dediyimi anlayaraq göstərsin. Aktyor mənim əşyam deyil, son nəticədə o öz resurslarını istifadə edərək obrazını canlandırır. Mənə sadəcə o lazımdır ki, onun içinə o toxumu atım ki, bununla yaxşı mənada xəstələnsin, yalnız bu barədə düşünməyə, bununla yaşamağa başlasın. Elə bir həddə çatsın ki, adi həyatda da canlandıracağı obrazda hiss etsin özünü...

Səhnə arxasına tamaşaçı kreslosu qoyulsun...

- Səhnəarxası məqamlardan nələri danışmağı lazım bilərdiz?

- Çox məqamlar olub, təbii ki... Amma onlar gizli qalsa yaxşıdı. Səhnəarxasından söz düşmüşkən, mən həmişə teatr direktorlarına təklif edirəm bunu, amma hələ ki heç kim reallaşdırmayıb - yaxşı olar ki, səhnə arxasında xüsusi kreslo qoyulsun və arzu edən tamaşaçılar tamaşanı o kresloda oturaraq seyr etsinlər. Brodvey teatrında bu üsul tətbiq olunmaqdadır. Düzdü, həmin yerin qiyməti zaldakı yerlərin qiymətindən baha olur, amma elə tamaşaçılar var ki, səhnədə baş verənləri məhz o nöqtədən seyr etməyə üstünlük verirlər. Məsələn, mənim övladlarım tamaşaya səhnə arxasından baxmağı xoşlayırlar.

Tamaşaçıların gözündən uzaq qalmış məqamlara, kuryozlara gəlincə isə öz başıma gələni danışa bilərəm. "Əli və Nino" tamaşasını oynayanda mənim ifa etdiyim Əli xan libasını növbəti səhnədə dəyişməliydi. Və mənim buna 30 saniyə vaxtım var idi. Həmkarlarım da mənə kömək edirdilər ki, 30 saniyəyə libasımı başqan-ayağa dəyişib yenidən səhnəyə çıxım. Amma tamaşaların birində mən səhnə arxasına keçib əynimdəki libası çıxarıb yeni əlbisəni geyinməyə hazırlaşsam da, həmin əlbisə tapılmadı. Və mən məcbur oldum ki, əvvəlki geyimi yenidən geyinib səhnəyə çıxım. Həmin axşam çıxan məqalələrin birində bu məqam qabardılmışdı, yazılmışdı ki, Əli xanın libası çox kasıbyana idi, bütün tamaşanı bir libasda oldu. Bu mənə çox pis təsir etmişdi. Amma təbii ki, heç kimə heç cürə başa salmaq mümkün deyildi ki, məsələ nə yerdədi...

- "TREM TV Rroduction" şirkətində işlər necə gedir?

- Yaxşı gedir. Hazırda tammetrajlı bədii filmin çəkilişləri ilə məşğuluq. Bax, bunu əvvəldən deməyəcəm, nə filmi olduğunu hələ ki açıqlamayacam...

- Kinoteatrlarımıza "duzsuz" komediyalar, hansısa janrı təmsil etdiyini sanan özfəaliyyət səviyyəli kinolentlər çox "ayaq" açıb... Daha peşəkar kino adamlarına ehtiyac var...

- Hər halda belə bir bumun olmağı yaxşıdı...

- Məncə isə o cür filmlərin çəkilməyindənsə çəkilməməyi məqsədəuyğundu.

- Siz belə düşünürsüz?

- Bəli, mən belə düşünürəm. Hesab edirəm ki, nəyəsə vaxt, enerji, vəsait sərf olunursa, o iş bir iz qoymalıdı.

- Sizinlə tamamilə razıyam. Amma həm də unutmayaq ki, hər kəsin meyarı özünə görə yüksəkdi. Və hər kəsin bacardığı və bacarmadığı işlər var. Məsələn, mən dəqiq bilirəm ki, müəyyən işləri heç vaxt etmərəm, ya da məcburiyyət qarşısında qalıb etsəm, o işi özümünkü saymaram.

- Çox yaxşı olardı ki, özünüistehzadan keçən gözəl, sərrast bir kinokomediya meydana gəlsin...

- Niyə də yox?. Sevirəm bu janrı... Müəyyən təcrübəm də var teatr sahəsində - "Arşın mal alan" və "Portağal şahzadə", bu tamaşanı Moskvada da oynamışıq. Tamamilə mümkündü. Kino sahəsində indi hələlik belə bir düşüncəm, planım olmasa da, istənilən anda insanın özünüifadəsinə zəmin yaradan qığılcım alışa bilər. Yəni təki belə olsun. Bu çox böyük xoşbəxtlikdi.

"Teatr mühitimizin strategiyası yoxdu"

- Tamaşaçı auditoriyanız təbii ki müəyyən qədər formalaşıb. Kimlərdən ibarətdi, sizdə hansı təəssüratı doğurur?

- Bizdə çox səhv bir fikir formalaşıb ki, Azərbaycan tamaşaçısını yalnız bayağılıq cəlb edir...

- Heç də elə deyil...

- Bəli, heç də elə deyil. Hər mövzuya uyğun tamaşaçımız var. Sadəcə olaraq o tamaşası auditoriyasını axtarıb tapmaq, daha da genişləndirmək lazımdı. Mahiyyət etibarilə cəmiyyət hər yerdə eynidi. Özümüzü başqa bir ölkə ilə müqayisə edib bədbinliyə qapılmağa əsas yoxdu. Sadəcə, həmin ölkələrdə ənənələr öz yerini möhkəm tutduğu, müəyyən müəllifdən, müəyyən rejissordan, müəyyən aktyordan məhz onun imkanlarına, tərzinə, üslubuna uyğun yaradıcılıq axtarışları gözlənildiyi üçün tamaşaçı mühiti mənzərəsi bir qədər fərqlidi. Təbii ki, insanlar müxtəlif olduğu üçün zövqlər də müxtəlifdi... Kütləvi və seçilmiş sənət növlərinin varlığını heç kim inkar etmir... Əgər tamaşanı və ya filmi düzgün hiss edərək ərsəyə gətirmişəmsə, bunu ən yüksək intellekt, erudisiya sahibi də hiss edəcək, minimal dünyagörüşü olan da. Buna görə də pis tamaşaçı yoxdur. Sadəcə olaraq, birinin mütaliəsi digərindən bir qədər zəngin ola bilər. Bax, bu məsələni yoluna qoymaqda da teatrın rolu əvəzsizdi - əgər tamaşaçı tamaşaya baxandan sonra gedib həmin əsəri və o müəllifin başqa əsərlərini mütaliə edirsə, deməli biz boşuna çalışmırıq. Rejissorun da yozum, quruluş bacarığı onun oxuduğu, öyrəndiyi bazadan qidalanır. Məsələn, mənim müəllimim Nizamin Gəncəvidi. Onun "İsgəndərnamə"si mənim üçün son dərəcə ciddi həyat dərsi idi. Sözü, kəlamı bu dərəcədə mənim üçün vacib olan müəllimlərim çoxdu, həm dünyamızda olan, həm də olmayanlar arasında.

- Bizim müasir teatr mühitimiz haqqında hansı müşahidələriniz var? 90-cı illərdən teatr aləmində olan insan kimi yəqin hansısa qənaətlərə gəlmisiz. Açıqlaya bilərsinizsə, buyurun.

- Teatr mühitimizin strategiyası yoxdu. Elə bil ki, hər şey plansız şəkildə baş verir. Aktyorlarımız arasında elə sənətkarlar var ki, tamamilə anlaşılmaz tərzdə günlərin bir günü, özü də yaradıcı potensiallarının ən coşğun bir vaxtında sanki yiyəsiz qalırlar. Teatrlarda konkret aktyorlara yönəlmiş layihələr, quruluşlar reallaşmalıdı. Tamaşaçı bir tamaşada istedadına heyran qaldığı bir aktyoru ən yaxın zamanda daha da mükəmməl və həm də tamamilə fərqli obrazda başqa bir səhnə əsərində görməlidi. Amma bu baş vermir. Əvəzində həmin aktyor və ya aktrisa ən yaxşı halda yarım il yeni rolla təmin edilmir. Sabitlik yoxdu... Rejissorlar bu mənada daha sərbəstdirlər. Teatrdakı fəaliyyəti ürəyincə olmayanda kinoya üz tuta bilər, kinoda da özünü ifadə edə bilməyəndə televiziyaya keçə bilər və s. Əlbəttə, ideal halda rejissorlar üçün də yaradıcı sabit mühit olsa gözəl olar. elə hallar olub ki, bir aktyorla işləyir rejissor, amma günlərin bir günü o aktyor işdən uzaqlaşır. Və o aktyorun qorunması üçün heç bir strategiya yoxdu. Axı aktyor səbəbsiz yerə çalışdığı mühiti tərk edə bilməz. Və yaxud da illərlə bir teatrın ştatında olur, amma potensialı açılmır. Sabahkı günə məchulluq kimi baxmaq çox üzücüdü...
Halbuki ulduz olmağa tam layiq nə qədər sənətkarımız var. Özü də dünya miqyasında. Bizim aktyorların potensialı heç də dünyaşöhrətli aktyorların potensialından əskik deyil...

- Bəli, elədi...

- Hətta deyərdim ki, bizim qafqazlı olmağımız üstünlüyümüzdü. Bu məqamı biz "Əli və Nino"nu Moskvada oynayandan sonra bir jurnalist də yazmışdı. Qeyd etmişdi ki, son illər səhnədə bu boyda enerji görməyib. Bu, bizim qanımızdadı... Bir rejissor olaraq mənim üçün bu cəhət, aktyorun əsəb sisteminin durumu çox önəmlidi. Və mən sevinirəm ki, məhz Qafqazda yaşayıram. Təsəvvür edə bilmirəm ki, hər hansı şimal ölkəsində aktyorlarla necə işləyərdim. Bunu müşahidə də etmişəm ki, onları "alışdırmaq", "yandırmaq" çətindi. Bizim təbiətimizə isə ya yüksək dərəcədə çoşqu, ya da tam bir süstlük xasdı. Orta hal yoxdu. Bu yaradıcılıq üçün çox yaxşıdı.

"Bizim aktyorların potensialı heç də dünyaşöhrətli aktyorlarınkından əskik deyil..."

Samirə Behbudqızı

Milli.Az